Bakı 10° C Temperatur

76

4m/s

  • USD1.7000
  • EUR1.8828
  • RUB0.0265
  • NEFT$62.51
^
XƏBƏR LENTİ

İlham Əliyev: “İnkişafımız uğurlu, gələcəyimiz parlaq olacaq”

14-11-2019, 14:26 Baxış: 17
İlham Əliyev: “İnkişafımız uğurlu, gələcəyimiz parlaq olacaq”
"Ölkəmiz beynəlxalq aləmdə böyük nüfuz qazanıb”.
 
Bunu bu gün Dünya dini liderlərinin II Bakı Sammitində çıxışında Azərbaycan Prezidenti İlham Əliyev deyib.
 
Dövlət başçısı bildirib ki, keçən ay Bakıda Qoşulmama Hərəkatının Zirvə Görüşünün yekun Bəyannaməsi də ədaləti əks etdirir:
"Azərbaycan bu böyük təşkilata sədrliyi öz üzərinə götürüb. 120 ölkənin yekdil qərarı ilə Azərbaycan bundan sonra 3 il ərzində Qoşulmama Hərəkatına sədrlik edəcək”. Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanın iqtisadi göstəriciləri çox müsbətdir: "2003-cü ildən bu günə qədər ölkə iqtisadiyyatı 3,2 dəfə artıb. Savadlılıq 100 faizə yaxındır. Yoxsulluq son 16 il ərzində təxminən 50 faizdən 5 faizə düşüb. Azərbaycan texnoloji inkişafa böyük önəm verir, bu gün dünyanın məhdud sayda ölkələrinin yer aldığı kosmik klubun üzvüdür, 3 peykimiz var. Önəmli nəqliyyat layihələri icra edilir. Bu layihələr, sadəcə, nəqliyyat layihələri deyil, əməkdaşlıq layihələridir.
 
Çünki nəqliyyat elə sahədir ki, qonşu və digər bölgə ölkələri bir-birindən asılı olur. Azərbaycan açıq dənizə çıxışı olmayan ölkə kimi artıq beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevrilib.
 
Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycan üzərindən keçir.
 
Bütün bu nailiyyətlər deməyə əsas verir ki, bundan sonra da inkişafımız uğurlu, gələcəyimiz parlaq olacaq”. Prezident İlham Əliyev vurğulayıb ki, uğurlu gələcəyimizin əsas şərti sabitlikdir:
 
"Sabitliyin də təminatçısı Azərbaycan xalqı, onun rəyi, onun bizə verdiyi dəstəkdir. Xalq-iqtidar birliyi Azərbaycanın uğurlu inkişafının əsas amillərindən biridir. Eyni zamanda dinlərarası münasibətlər də bizim gücümüzü artırır. Mən əminəm ki, Zirvə Görüşünün çox böyük əhəmiyyəti olacaq və Bakıdan səslənən mesajlar lazımı ünvana çatacaq.
 
Hesab edirəm ki, əsas istiqamətlərdən biri dini ayrı-seçkiliyə yol verməmək, ksenofobiya, islamofobiya, antisemitizmə qarşı birgə mübarizə aparmaq, dindən siyasi məqsədlər üçün istifadə etməmək, münaqişələrə dini don geyindirməmək, münaqişə zamanı tarixi, dini abidələri dağıtmamaq və ənənəvi dəyərləri təbliğ etməkdir.
 
Hesab edirəm ki, dediyim bu məsələlər Azərbaycanın bu istiqamətdəki siyasətini əks etdirir. Əminəm ki, Zirvə Görüşünün nəticələri bu istiqamətdə atılmış növbəti addım olacaq. Bir daha qonaqları salamlayır və Zirvə Görüşünə uğurlar arzulayıram”.