Bakı 10° C Temperatur

76

4m/s

  • USD1.7000
  • EUR1.8828
  • RUB0.0265
  • NEFT$62.51
^
XƏBƏR LENTİ

Tural İsmayılov: Gənclərin könüllülük hərəkatı sıralarında təmsil olunmağı ölkəmizə böyük bir gələcək vəd edir

10-12-2019, 12:35 Baxış: 81
Tural İsmayılov: Gənclərin könüllülük hərəkatı sıralarında təmsil olunmağı ölkəmizə böyük bir gələcək vəd edir
 
Azərbaycan Könüllülərinin İkinci Həmrəylik Forumunun keçirilməsi ölkəmizdə ötən həftənin ən yaddaqalan hadisələrindən oldu.
 
Bu gün Azərbaycanda minlərlə gənc müxtəlif könüllülük platformalarında uğurla təmsil olunurlar.
 
Bu sözləri Forumun önəmini şərh edərkən Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, politoloq Tural İsmayılov söyləyib.
 
Bildirib ki, Azərbaycanda könüllülük hərəkatı böyük bir bum halını alıb və minlərlə gənc bu gün müxtəlif qurumların tərkibindəki könüllülük hərəkatında aktiv şəkildə fəaliyyət göstərirlər. "Aqrar İnkişaf Könüllüləri” hərəkatı aqrar sektorun inkişafına ictimai dəstəyi nümayiş etdirir, vətəndaşların və ya fermerin aqrar sahədəki problemlərini yerində müəyyən etmək və həlli yollarını axtarmaq, gənc mütəxəssislərin ideyalarını praktiki olaraq reallaşdırmaq və cəmiyyətin diqqətini bu sahəyə yönəltmək məqsədi daşıyır.
 
Bu hərəkat Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təşkil olunur və təşviq olunur. T.İsmayılov vurğulayıb ki, aqrar sahəyə marağı olan saysız gəncin bu hərəkat sıralarında təmsil olunmağı qeyri-neft sektorunun inkişafının prioritet olduğu ölkədə böyük bir gələcək vəd edir.
 
Bundan başqa Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sistemində gənclərin potensialından daha səmərəli istifadə etmək, onlara peşə vərdişlərini aşılamaq və təcrübi biliklərini artırmaq, startap layihələri ilə bağlı cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək və inkişaf etdirmək məqsədilə Komitə sədri tərəfindən "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sistemində könüllülük hərəkatının inkişafı ilə bağlı tədbirlər haqqında” sərəncam imzalanıb və Dövlət Gömrük Komitəsində "Könüllü gömrükçü” dəstəsi yaradılıb. Bu gün həmin gənclər komitənin müxtəlif şöbələrində praktika keçir, iş şəraitini mənimsəyir, asudə vaxtlarını səmərəli şəkildə dəyərləndirirlər.
 
O qeyd edib ki, Diasporla İş üzrə Dövlət Komitəsi də Prezident İlham Əliyevin Azərbaycan Gənclər Gününə həsr olunmuş respublika toplantısında söylədiyi "Mənim də tövsiyəm ondan ibarətdir ki, gəncləri dövlət təşkilatları önə çəksinlər.
Çünki gənclərin həm potensialı, həm fəallığı, həm də məsələlərə yeni baxışları cəmiyyət üçün çox lazımdır.
 
Bütün dövlət təşkilatlarına tövsiyə etmişəm ki, könüllüləri cəlb etsinlər” fikirlərə əsaslanaraq "Azərbaycan Diaspor Könüllüləri” adlı proqrama başlayıb. Həmçinin, Dövlət Miqrasiya Xidməti gənclərlə təmaslarını artırmaq, könüllü əhatəsini genişləndirərək onları bu sahə ilə daha yaxından tanış etmək, dövlət idarəetməsi üzrə məlumatlandırmaq, bununla şəxsi inkişafları, gələcək karyera imkanları üçün onları Xidmətin fəaliyyətinə cəlb etmək, miqrasiya məktəbi çərçivəsində həyata keçirdiyi tədbirlərin əhatəsinin genişləndirilmək və bütövlükdə könüllülərlə sistemli əməkdaşlıq qurmaq məqsədilə "Miqrasiya könüllüsü” layihəsini icra edir.
 
Bu layihə çərçivəsində könüllü gənclər Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynovun dəstəyi ilə bir sıra uğurlu proqramlarda iştirak edir. Tanınmış simalarla mütəmadi görüşlərdə iştirak edirlər.
 
Azərbaycanda ən böyük könüllü sayı isə təbii ki, "ASAN xidmət”ə məxsusdur.
 
Tural İsmayılov əlavə edib ki, Azərbaycanda həyata keçirilən dünya əhəmiyyətli yarışlar və tədbirlərdə də saysız könüllü gənc iştirak edir. Onun sözlərinə görə, Azərbaycanda minlərlə gəncin uğur simvolu olan Könüllülük Hərəkatı gəncliyin aktiv və lokomotiv gücünü ortaya qoyur.
 
Eyni zamanda ölkənin yenilənməsi və gəncləşmə siyasətinə böyük dəstək verir.