Bakı 10° C Temperatur

76

4m/s

  • USD1.7000
  • EUR1.8828
  • RUB0.0265
  • NEFT$62.51
^
XƏBƏR LENTİ

Zelenski: Ukrayna təyyarəsinin raketlə vurulması istisna edilmir

10-01-2020, 14:31 Baxış: 20
Zelenski: Ukrayna təyyarəsinin raketlə vurulması istisna edilmir
 
Ukrayna Prezidenti Vladimir Zelenski Tehranda qəzaya uğrayan təyyarənin raketlə vurulması versiyasının istisna edilmədiyini, lakin hələlik təsdiq olunmadığını deyib və qəzanın səbəblərinin araşdırılması üçün beynəlxalq tərəfdaşları faciə ilə bağlı əllərində olan məlumatları komissiyaya təqdim etməyə çağırıb.
 
 
 Ukrinform agentliyinə istinadla xəbər verir ki, Ukrayna prezidenti bu barədə özünün "Facebook” səhifəsində yazıb. "Hələlik təyyarənin raketlə vurulması versiyası istisna edilməyib, təsdiq də olunmayıb.
 
Dövlət liderlərinin KİV-lərdə bəyanatlarını nəzərə alaraq bütün beynəlxalq tərəfdaşlarımızı – ilk növbədə ABŞ, Kanada və Böyük Britaniyanı qəza ilə bağlı məlumatları və sübutları qəzanın təhqiqatı üzrə komissiyaya təqdim etməyə çağırırıq”, - deyə Vladimir Zelenski vurğulayıb. Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilovun sözlərinə görə, ukraynalı mütəxəssislər qəzanın ümumilikdə yeddi versiyasını nəzərdən keçirirlər.
 
Təyyarənin zenit-raket kompleksi ilə vurulması, pilotsuz aparat və ya digər uçan obyektlə toqquşması, mühərrikin texniki səbəblərdən dağılması və partlaması, terror hücumu nəticəsində göyərtədə partlayış baş verməsi əsas versiyalar arasındadır.
 
Digər üç versiya isə açıqlanmır. Bir qədər əvvəl Kanada və Böyük Britaniyanın Baş nazirləri Castin Trüdo və Boris Conson onlarda təyyarənin İrana məxsus zenit raketi ilə təsadüfən vurulması barədə informasiyanın olduğunu deyiblər. Vladimir Zelenskinin yanvarın 10-da təhqiqatın nəticələrini ABŞ-ın dövlət katibi Mayk Pompeo ilə müzakirə edəcəyi gözlənilir. Xatırladaq ki, yanvarın 8-də səhər saatlarında Tehranın İmam Xomeyni aeroportundan Kiyevə PS752 reysi həyata keçirən "Boeing-737” təyyarəsi havaya qalxdıqdan az sonra alışaraq yerə çırpılıb.
 
Qəza zamanı təyyarənin göyərtəsindəki 176 nəfərin hamısı həlak olub. Onların arasında 11 ukraynalı – iki sərnişin və doqquz ekipaj üzvü, həmçinin 82 İran, 63 Kanada, 10 İsveç, 4 Əfqanıstan, 3 Almaniya və 3 Böyük Britaniya vətəndaşı var.