Bakı 25° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,9066
  • RUB0,0248
  • NEFT$38.41
^
XƏBƏR LENTİ

Əli Əhmədov: “Azərbaycanda “beşinci kolon” funksiyasını AXCP və Milli Şura icra edir”

20-05-2020, 16:50 Baxış: 29
Əli Əhmədov: “Azərbaycanda “beşinci kolon” funksiyasını AXCP və Milli Şura icra edir”
 
"Əgər ölkədə "beşinci kolon” varsa, ondan yaxşı heç nə gözləmə.
 
Yaxın tarixin və yaşadığımız dövrün acı təcrübəsi məhz bundan ibarətdir.
 
Heç bir yerdə və heç bir zaman "beşinci kolon” dekorasiya rolunu oynamayıb və oynamır.
Onun yaranmasına və saxlanmasına qoyulan böyük xərclərin qarşılığı beşinci kolonun satışa çıxarmağa vəd verdiyi milli maraqlardır. Elə buna görə də haqqında söhbət etdiyimiz üzdəniraq qruplaşma mövcudluğundan tutmuş sonuncu addımına qədər antimilli mahiyyət kəsb edir. Antimillilik onun mövcudluq forması və həyat fəlsəfəsidir".
 
Bunu Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini - İcra Katibi Əli Əhmədov "Facebook” səhifəsində yazıb.
 
Onun sözlərinə görə, "Beşinci kolon” müxtəlif adlar altında və formalarda maskalanır: "Onun ən geniş yayılmış konspirasiya forması siyasi partiyanın çətir altında fəaliyyət göstərməsidir. Partiyanın adına "xalq”, "millət”, "cəbhə” kimi əlavələrin edilməsi müasir konspirasiyanın vacib elementlərindən sayılır."
 
Beşinci kolon” Azərbaycanda yeni hadisə deyil.
 
Müəyyən sükunətdən və konspirasiyadan sonra üzə çıxmaq, açıq fəaliyyətə keçmək tapşırıqları aldığı sezilməkdədir.
 
İllər boyu formal da olsa, istifadə etdikləri siyasi müxalifət imicinə görünür daha ehtiyac duymurlar.
 
"Beşinci kolon”un siyasi müxalifət mərhələsindən birbaşa açıq təxibatçı qruplaşma mərhələsinə keçdiyi aydın şəkildə müşahidə olunur". YAP rəsmisi bildirib ki, hər şeyi öz adı ilə çağırmağın vaxtı çatıb:
 
"Azərbaycanda "beşinci kolon” funksiyasını Azərbaycan Xalq Cəbhəsi Partiyası və "milli şura” adlanan qurumun icra etdiyi hamıya bəlli olan həqiqətdir. Hər iki qruplaşmanın adında xalq və milli sözlərinin olması yəqin ki, diqqətdən yayınmadı. Maskalanmaq üçün bu iki sözdən daha uğurlusunu düşünmək çətindir.
 
 
Ancaq hər kəs gözəl bilir ki, birincini xalqla, ikincini isə millətlə bağlayan heç nə yoxdur.
 
Hər iki ifadə yuxarıda adıçəkilən qruplaşmaların antimilli mahiyyətini pərdələmək məqsədinə xidmət göstərir. Təqdim olunan yanaşma kiməsə sərt görünə bilər.
 
Lakin maraqlı xarici qüvvələrin təklif etdiyi xidmətləri məmnuniyyətlə qəbul etmək də daxil olmaqla bütün gücünü qoyub Azərbaycanın nüfuzuna kölgə salmağa, adını ləkələməyə çalışanlara nə ad vermək olar?
 
Hansı ölkənin müxalifəti, əgər o "beşinci kolon” deyilsə, öz dövlətinə, xalqına yuxarıda qeyd etdiyimiz qruplaşmalar qədər ləkə vurmaq, böhtan atmaq yolunu tutub?
 
Hansı ölkənin müxalifəti, əgər o "beşinci kolon” deyilsə, hakimiyyət məsələsini başqa ölkələrdə, yad qüvvələrlə müzakirə edir?
 
Hansı ölkənin müxalifəti, əgər o "beşinci kolon” deyilsə, özünün bütün təbliğatını başqa ölkələrdə, yad qüvvələrin vəsaitləri hesabına yaradılmış təbliğat vasitələri sayəsində həyata keçirir?"
 
Ə. Əhmədov qeyd edib ki, son bir neçə ay ərzində "beşinci kolon”un təbliğatında ölkədə iğişaşlar yaratmağa, sabitliyin pozulmasına yönəlmiş birbaşa çağırışlar çoxalıb. Respublika Baş Prokurorluğunun və Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı bəyanatdan görünür ki, söhbət tək çağırışlarla bitmir:
 
"Onların arxasında ölkədə sabitliyin pozulmasına yönələn təxribatların törədilməsi kimi konkret fəaliyyət və cinayət əməlləri dayanır.
 
Dünyanın hər yerində olduğu kimi, Azərbaycan dövləti də koronavirus pandemiyası ilə mübarizə aparır.
 
Cəmiyyətin və dövlətin bütün səyləri və imkanları amansız xəstəlikdən insanların qorunmasına səfərbər olunub.
 
Belə bir həssas zamanda beşinci kolonun əlinə sanki fürsət düşüb.
 
Dövlət koronavirusla vuruşur, "beşinci kolon” isə dövlətə qarşı vuruşmaq üçün təxribatçı qruplar hazırlayır.
 
Tarixi təcrübə göstərir ki, ölkədə "beşinci kolon” varsa ondan hər an təhlükə törəyə bilər və törəyir.
 
Bu tarixi həqiqət Azərbaycanın nümunəsində bir daha təsdiqini tapır. "Beşinci kolon” ayrı-ayrı vaxtlarda ölkəmizdə az problemlər yaratmağa çalışmayıb.
 
İğtişaşlar törətməyə, sabitliyi pozmağa və digər formalarda təxribatlara dəfələrlə cəhdlər göstərib.
 
Bu çirkin niyyətlərini həyata keçirmək üçün erməni xüsusi orqanları ilə iş birliyinə getmək qədər xəyanətdən belə çəkinməyiblər.
 
Necə deyərlər, Azərbaycana, Azərbaycan dövlətinə qarşı mübarizə aparmaq naminə şeytanın özü ilə əməkdaşlığa razı olublar. Məkrli niyyətlərinə yalnız dövlətin qüdrəti və xalqın müdrikliyi sayəsində nail ola bilməyiblər.
 
Gücləri çatmayıb. Bütün cəhdlərinin uğursuzluğa düçar olmasına baxmayaraq, "beşinci kolon” əməllərindən əl çəkmək fikrində deyil.
 
İstədiyinə nail olmağa gücü çatmasa da, təxribatlar törətməyə hər an hazırdır. Cəmiyyətə və xalqa çox lazım olan sabitlik, əmin-amanlıq, insanların təhlükəsizliyi, ölkəmizin dayanıqlı inkişafı naminə beşinci kolonun mövcudluğuna son qoyulması sosial sifarişə, qaçılmaz zərurətə çevrilib.
 
Heç bir ölkə beşinci kolondan fayda görməyib, əksinə, ciddi problemlər yaşayıb.
 
Azərbaycan istisna təşkil etmir.
 
Tarix yalnız keçmişi xatırlamaq üçün deyil. Həm də ibrət dərsi götürmək üçündür".