Bakı 30° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,9163
  • RUB0,0240
  • NEFT$42.89
^
XƏBƏR LENTİ

"Son 2 ildə Prezidentin siyasətinin ana xəttini..." - Zahid Oruc

11-08-2020, 12:23 Baxış: 532
"Son 2 ildə Prezidentin siyasətinin ana xəttini..." - Zahid Oruc

Pandemiya dövründə dünyada daha çox diskussiya edilən mövzular yeni formasiyalara keçid, idarəetmə modellərində köklü dəyişikliklər, vətəndaş-məmur, yaxud, ictimai münasibətlərin xarakterinin kütləvi olaraq yeniləşəcəyi ilə bağlı proqnozlar verilməsidir.

Bu da təbii ki, əsassız deyil. Çünki tətbiq olunan hər hansı məhdudiyyət, norma sonrakı dövr üçün öz izini qoyur. Digər tərəfdən, burada Şərq və Qərb olmasından, yaxud da hansı qitədə yaşamasından asılı olmayaraq tarixin gedişi, ənənələr, hansı mədəniyyət halının üzərindən formalaşmalarına baxmadan bütün millətlər çox sərt sınaqlara məruz qaldılar. Bütün hallarda ona qədərki dövrdə ideallaşdırılan Avropa arealında virus epidemiyası daha kütləvi yayıldı. Belə şəraitdə bir çoxu artıq o rəyləri meydana gətirdi ki, təkcə sosial-iqtisadi, mənəvi, psixoloji durumlar deyil, eləcə də dövlətlərin idarəetmə quruluşları dəyişəcək.

Bu fikirləri Altaba.az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc bildirib.

Zahid Oruc deyib ki, pandemiya dövründə dövlətin bütün strukturlarının çevik işləməsini təşkil edən, həm daxili, həm beynəlxalq əlaqələrini bu çağırışlara uyğunlaşdıran ən qabaqcıl liderlərdən biri cənab Prezident İlham Əliyev oldu:

"Anti-böhran şəraitində komandadakı monolitliyi qoruyub saxlamaq, panikalara yol verməmək, dövlətin var olduğunu göstərmək starateji mənada önəmli idi. Tarix baxımından müstəqil bir ölkənin həyatında, xüsusən də birinci Qarabağ müharibəsində ağır hümanitar, hərbi, siyasi fəlakət yaşamış, canında, qanında onun böyük ağrılarını daşıyan və bunu bir sindrom kimi həyatında hiss edən bir millət üçün bu, çox önəmli idi”.

Deputat ermənilərin 12 iyulda törətdikləri Tovuz təxribatı zamanı Azərbaycanın qətiyyən bunu 90-cı illərdəki kimi panika, narahatlıqla qarşılamadığını da diqqətə çatdırıb:

"Əksinə insanlar təhlükənin üzərinə getməyə qadir olduqlarını sübuta yetirdilər. Nəinki paytaxtda və yaxud onun çevrəsində, eləcə də birbaşa təmas xəttinə yaxın ərazilərdə şəhidlərimizin yüksək adına uyğun minlərlə insanın həmrəylik addımlarını gördük. Tovuz bölgəsində siravi insanlarımızın, əlinin qabarı ilə düşmənə sinə gərmək istədiyini göstərməsi mühüm bir hadisə idi. Bu, yalnız daxildə güc yaratmır. Ölkəmiz əleyhinə olan müxtəlif xarici ssenarilərin də nəzərə aldığı bir faktordur. Eyni zamanda həmişə baş vermiş döyüşlərin təhlili aparılmalı, əsgər sayının, hərbi texnikanın qiymətləndirilməsi aparılmalıdır. Bu, çox vacibdir və qarşıdakı döyüşlər üçün müəyyən imkanlar açır. Qarşı tərəfin taktiki planlarını bilmək və kəşfiyyat döyüşləri vasitəsi ilə onun sonrakı hərəkətlərini proqnozlaşdırmaq, ssenariləşdirmək baxımından son dərəcə vacibdir. Hərb sənəti onun strategiyası və taktikası uzun illər tarixdə məhz bunu öyrədir. O cümlədən 2020-ci ilin 17-18 iyula qədər davam edən bu eskalasiyanın, eləcə də 2016, 2015 və 2014-cü ilin avqust ayında olan müstəqillik illərimizdəki bu lokal toqquşmaların hamısı vahid bir zəncirə düzüb, onları təhlil etməliyik. Məhz bu döyüşlərdən hərbi siyasi nəticələr çıxarmaq çox vacibdir. Diplomatik siyasi dairələrimiz, hərbi strukturlarımız, o cümlədən beyin mərkəzlərimiz, təhlil inistitutlarımız, hətta sadə vətəndaşlarımız da bunları qiymətləndirmək imkanında olmalıdır".

Millət vəkili qeyd edib ki, cənab Prezident 12 iyul tarixində ölkəmizə qarşı Ermənistan tərəfindən edilən qəsdin qarşısında dayanan ən böyük qüvvə oldu:

"Çünki cənab Prezidentin özünün dediyi kimi, bir neçə gün davam edən hərbi əməliyyatlar sübüt etdi ki, o, sərkərdə kimi müharibə durumunda millətinin yanındadır və onun mübarizəsini təşkil edir, gücünü yaradan ən böyük qüvvədir. Digər tərəfdən ordu və dövlət arasında birlik bir daha sübut olundu. Əksinə bir sıra ölkələrdə bu mövcud deyil. Xüsusilə Ermənistanda... Paşinyan iki il əvvəl etdiyi inqilabın nəticəsində istəyir ki, müxalifətin əlində olan qüvvələri, birinci Qarabağ savaşında formalaşmış ordunu da öz tərəfdarlarının sərəncamına versin. Eyni zamanda erməni mətbuatının 60-70 faizi Paşinyana müxalif olan qüvvələrin əlindədir. Ordu da həmçinin. O, hökuməti, parlamenti, məhkəmə sistemini ələ almağa çalışır. Amma indiki halda bunu həyata keçirmək o qədər də sadə deyil. Bunun müqayisəsində isə Azərbaycanda tamamilə ordu və dövlət, Ali baş komandan arasında birlik mövcuddur”.

Komitə sədri əlavə edib ki, Azərbaycanda gənc nəslin keçmişindən qopduğu, 90-cı illərdən uzaqlaşdıqca bunun ermənilərin xeyrinə işləyəcəyi gözləntisində, təhlillərində olanlar da var idi:

"Amma bunun da tam əksi baş verdi. Sübut olundu ki, millətin hər bir nəfəri - ən gənc adamları da meydanlara çıxıb birbaşa silaha sarılıb torpaq bütünlüyümüzü təmin etməyə hazırdır, prinsipialdır, güzəştsizdir. Eyni zamanda məsələnin beynəlxalq məkanda diaspor qüvvələri arasında savaşa daşınması, iqtisadi ticarət istərsə də diaspor gücü, informativ fəaliyyətdə də fədakarlıq birlik döyüşkənlik dövlətlə vahidlik ortada oldu. Bu da ermənilərin əsl mahiyyətini göstərmək üçün bir sıra yeni materialların ortaya çıxmasına imkan yaratdı. Xaricdəki məlum olaylarda insanlarımızın fiziki zədələr alması hesabına bu nəticə əldə olunsa da, bu, qəddar simanı göstərmək üçün yetərli oldu”.

Zahid Oruca görə Tovuz təxribatına Rusiyanın, o cümlədən qardaş Türkiyənin reaksiyaları üçün çox önəmli idi:

"Ötən on illər ərzində Prezident İlham Əliyevin strateji proqramı həm Moskvanın bu məsələdə davranışlarını bir sıra hallarda neytral, başqa mənalarda isə Bakıya simpatik bir formada meydana çıxmasını təmin etdi. Ermənistanın siyasi tənha durumu daha qabarıq formada üzdə oldu. Bu, 90-cı illər Azərbaycanın vəziyyəti ilə xeyli sinxronluq təşkil edən məqamdır".

Deputat onu da əlavə etdi ki, 2019-cu ildən başlayaraq dövlət quruculuğu siyasətində köklü dəyişikliklər edildi:

"İlk növbədə hökumət yeniləndi, administrasiyada müxtəlif yaş amili və s. səbəblərdən aparılan islahatların davamının məhkəmə sistemində, parlamentdə, hərbi sistemdə də davam etdirilir. Eyni zamanda, dövlət üçün uzun illər ərzində yükə çevirilən müxtəlif korporasiyalar və konpaniyaların idarəetmə sistemində də dəyişikliklər olacaq. Qabaqcıl Avropa ölkələrində özəl sektorun bərqərar olması büdcə vəsaitlərinin qeyri-şəffaflığını aradan qaldırmaq üçündür. Hətta tamamilə bu, prosesin dayanması, rəqabət, marketin proseslərinin bu işə cəlb olunması deməkdir. Özü yaşamağı bacarmayan strukturların (bir neçə hökumət sektorunu çıxmaq şərti ilə bunu digərlərinə şamil etmək mümkündür) fəaliyyətinə dövlət tərəfindən sərt münasibət olacaq. İslahatlar ərazi bütövlüyümüzün təminatı üçündür. Buna xidmət etmək mənasındadır. Cənab Prezidentin son iki ildə siyasətinin ana xəttini məhz bu mövqe təşkil edir. Buradan millətə çağırış olunur onların ən yaxından prosesdə iştirakı istənilir. Bu da özlüyündə demokratik cəmiyyətin qurulması məramını əks etdirir”.