Bakı 32° C Temperatur

71

6m/s

  • USD1.7000
  • EUR2,0706
  • RUB0,236
  • NEFT$72,25
^
XƏBƏR LENTİ

İlham Əliyevin qələbəsi və Moskvanın qisası? - Qərbin “Mişel planı”na qarşı “Putin kartı”

İlham Əliyevin qələbəsi və Moskvanın qisası? - Qərbin “Mişel planı”na qarşı “Putin kartı”
İyulun 20-də Moskvada Rusiya Prezidenti Vladimir Putinlə Azərbaycan Prezidenti İlham Əliyev arasında ikitərəfli görüş baş tutub. Görüşdə diqqəti cəlb edən bir neçə nüans olub.
 
Öncə qeyd edək ki, görüş zamanı Azərbaycan Prezidenti İlham Əliyevin və ümumilikdə Azərbaycan diplomatiyasının ən böyük uğuru Putinin bir dəfə də olsun "Dağlıq Qarabağ münaqişəsi” sözünü dilə gətirməməsi olub.
 
Hətta Putinin Qarabağla bağlı bu ehtiyatlı və Bakının maraqlarına uyğun ritorikası erməni ictimaiyyətində kəskin etirazlarla müşahidə edilib. Misal üçün "Ədalətli Ermənistan" partiyasının sədri Norayr Norikyan yerli mediaya verdiyi açıqlamada Putinin münaqişə haqqında söz açmamasından gileylənib:
" İlham Əliyevin görüşü zamanı Rusiya Prezidenti "Dağlıq Qarabağ münaqişəsi" ifadəsini işlətməkdən çəkindi və ən vacib məsələlərdən birinin bölgədəki vəziyyətin nizamlanması olaraq qaldığını vurğuladı”.
 
Qısası, Putinin də seçdiyi ritorikadan aydın olur ki, o, İlham Əliyevin 7 iyul tarixində Azərbaycanın iqtisadi rayonları ilə bağlı imzaladığı sərəncamı, yəni, Dağlıq Qarabağ ərazi vahidinin Qarabağla əvəz edilməsi və buranın Azərbaycanın tərkib hissəsi olması ilə razılaşıb.
 
Diqqəti cəlb edən ikinci bir məqamsa Putinin "kompromisli qərarları”na görə Əliyevə təşəkkür etməsi olub. Vladimir Putin: "Aydındır ki, regionda vəziyyətin nizamlanması ən mühüm məsələlərdən biri olaraq qalır. Əlbəttə, bilirəm ki, Siz bu məsələyə çox böyük diqqət və əhəmiyyət verirsiniz.
 
Buna görə Sizə təşəkkür etmək istəyirəm ki, kompromisli qərarlar tapılır.
 
Onlar həmişə ən mürəkkəb məsələlərdir, lakin əgər biz nizamlama istəyiriksə, - biz hamımız isə bunu istəyirik, - onda bu yolla getməliyik.
 
İndiyə qədər biz bunu etməyə nail olmuşuq, buna görə Sizə təşəkkür etmək istəyirəm”. Bəs bu kompromisli qərarlar nələrdən ibarətdir?
 
Böyük ehtimalla, Putin ermənilər tərəfindən 10 noyabr bəyanatının şərtlərinin hələ də yerinə yetirilməməsinə baxmayaraq Əliyevin səbirli mövqeyini işarə edir.
 
Belə ki, Ermənistan birgə bəyanatın şərtlərinə zidd olaraq Qarabağdan qoşunlarını çıxarmayıb,
 
Qazax və Naxçıvanın işğal altındakı kəndlərini Azərbaycana təhvil verməyib, işğaldan azad edilmiş rayonların mina xəritələrini tam olaraq Bakıya təqdim etməyib və Zəngəzur dəhlizindən Azərbaycan üçün koridor açmayıb. Bütün bu öhdəlikləri yerinə yetirmək istəməyən Ermənistan həmçinin Qarabağda və Azərbaycan-Ermənistan dövlət sərhədində tez-tez atəşkəsi pozmaq, təxribatlara əl atmaqla rəsmi Bakının səbrini sınayır.
 
Bakını isə anti-terror əməliyyatlarına başlamağa tam hüququ və gücü çatsa da bunu etməkdən onu rus sülhməramlılarının regiondakı varlığı saxlayır. Beləliklə, Azərbaycan Rusiyanın regionda varlığına hörmətlə yanaşır və hələlik kompromis diplomatiyasını davam etdirir, Putin də öz növbəsində buna görə təşəkkür edərək, Azərbaycanın bu siyasətinin öz bəhrəsini verəcəyinə işarə edir. Görüşdə maraqlı məqamlardan biri də İlham Əliyevin iki dəfə "münaqişədən sonrakı” ifadəsini işlətməsi olub. O, qeyd edib ki, "münaqişədən sonrakı dövrün maksimum ağrısız keçməsi əzmindəyik, düşünürəm ki, ümumi səylərimizlə buna nail olacağıq”. Bu birgə səylərimizlə Ermənistanı "ağrısız, acısız, qansız və qadasız birgə bəyanatın şərtlərini yerinə yetirməyə məcbur etməliyik” deməkdir. Təbii ki, görüşdə ictimaiyyətə açıqlanmayan məsələlər də müzakirə edilib və bəlkə qərar da qəbul edilib.
 
Böyük ehtimalla bunlar regionda atəşkəsin pozulması, bunun qarşısının alınması yolları, Zəngəzur dəhlizinin açılması istiqamətində görüləcək işlər və ən əsası son günlər gündəmdə olan Azərbaycanın KTMT-yə müşahidəçi statusunda qəbul olunması məsələləridir. Ümumilikdə görüş Azərbaycanla Rusiya arasında ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi baxımından olduqca uğurlu sayıla bilər. Putinin Azərbaycanla diplomatik əlaqələrin qurulmasının 30 illik yubileyi münasibətilə bir çox istiqamətlərdə dövlətlər arasında əməkdaşlığı inkişaf etdirmək üçün işçi qrupunun Bakıya səfər edəcəyini bildirməsi bundan xəbər verir. Lakin Rusiya prezidentinin Moskvada həm münaqişə, həm də ikili münasibətlərlə bağlı Azərbaycan üçün "isti mesajlar” verməsi Ermənistanın Qərblə əməkdaşlığının inkişaf etdirilməsinə reaksiya kimi də nəzərdən keçirilə bilər.
 
Xatırladaq ki, ötən günlərdə Avropa Şurası Prezidenti Şarl Mişelin Cənubi Qafqaza səfəri, Ermənistana 2,6 milyard avroluq yardım paketinin ayrılması, həmçinin Fransa Prezidenti Emanuel Makronun Ermənistana qarşıdakı günlərdə gözlənilən səfəri Ermənistan Baş naziri əvəzi Nikol Paşinyanın seçkilərdən sonra intensivləşdirdiyi qərbyönümlü siyasətinin məntiqi nəticəsidir. 2,6 milyard avroluq yardım paketi Qərbin "Soyuq müharibə” dövründə öz müttəfiqləri üçün həyata keçirdiyi "Marşal plan”na bənzəyir.
 
Ona görə də Azərbaycan mətbuatı bu qərarı "Mişel planı” olaraq ifadə edib.
 
Görünür, Qərb "pis-yaxşı” demokratik bir rejimin formalaşdıran Ermənistanı həm Rusiyanın vassallığından xilas etmək, həm də regionda demokratikləşməyə töhfə vermək məqsədilə bu tipli yardımlarını və səfərlərini davam etdirəcək. Bəs Moskva Qərbin Ermənistanı ağuşuna almasına "müşahidəçi” qalacaqmı?Təbii ki, xeyr. Putin sona qədər "münaqişə kartı”ndan istifadə edəcək.
 
Qarabağ kartı bitəndə "Zəngəzur kartı” başlayacaq.
Putinin Ermənistanı "cəzalandırmaq” üçün rəsmi Bakını bu istiqamətdə ardıcıl addımlar atmağa təşviq etməsi, "KTMT reaksiyaları”nı aradan qaldırmağı vəd etməsi istisna edilmir.
 
Qeyd etmək lazımdır ki, Moskvanın məqsədi heç də Azərbaycanı tarixi torpaqlarına qovuşdurmaq deyil, əksinə, regionda yeni münaqişə ocaqları yaradıb Qafqazdakı partnyorları üzərində nəzarətini gücləndirməkdir.
Və bu Qərbin maddi-siyasi dəstəyini arxasında hiss edən Ermənistanın da maraqlarına uyğundur. Rəsmi İrəvan beynəlxalq ictimaiyyət tərəfindən öz ərazisi hesab edilən torpaqlara Azərbaycanın hərbi müdaxiləsini özü üçün bir fürsət kimi dəyərləndirir.
 
Çünki bu baş verərsə Azərbaycan Qərbin-dünyanın gözündə işğalçı dövlətə çevriləcək, sanksiyalarla üzləşəcək və Ermənistan Qarabağ məsələsində haqlı tərəfə çevriləcək.
 
Rusiya da bu oyunda maraqlıdır, çünki Azərbaycanla Qərb arasında münasibətlərin pozulmasından ən çox o faydalanacaq.
Regionda gedən bu "incə siyasəti” anlamaq və diqqətli olmaq zəruridir...