Bakı 23° C Temperatur

83

5m/s

  • USD1.7000
  • EUR1.9216
  • RUB0.0265
  • NEFT$72.49
^
XƏBƏR LENTİ

Rövnəq Abdullayev Fransa sahibkarları ilə görüşdü

13-05-2016, 08:33 Baxış: 324
 
SOCAR-ın prezidenti Rövnəq Abdullayev Bakıda səfərdə olan Fransa Sahibkarlar Təşkilatının (MEDEF) nümayəndə heyətini qəbul edib.
 
SOCAR-dan Tezis.az-a verilən məlumata görə, R.Abdullayev Azərbaycanda neft işinin qədim tarixindən və neft-qaz sənayesində qazanılan uğurlardan danışıb, ölkəmizin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən beynəlxalq və regional əhəmiyyətli enerji layihələri haqqında ətraflı məlumat verib. Fransa şirkətlərinin Azərbaycanda uğurla fəaliyyət göstərdiyini qeyd edən R.Abdullayev SOCAR ilə Fransa şirkətləri arasında uzunmüddətli, səmərəli əməkdaşlığın mövcudluğunu vurğulayıb, onların Azərbaycanda həyata keçirilən enerji layihələrində yer aldığını qeyd edib. O, "Abşeron” qaz-kondensat yatağının işlənilməsi üzrə Fransa şirkətləri ilə əməkdaşlığın uğurla davam etdiyini bildirib. Cənub Qaz Dəhlizinin Avropanın enerji təhlükəsizliyindəki əhəmiyyətindən danışan R.Abdullayev bu layihə üzrə də işlərin qrafikə uyğun şəkildə uğurla irəlilədiyini vurğulayıb. SOCAR prezidenti investisiya layihələri çərçivəsində Fransa bankları ilə səmərəli əməkdaşlığın qurulduğunu diqqətə çatdırıb.  
 
MEDEF-in biznes şurasının prezidenti, SUEZ qrupunun baş direktorunun müavini Mari-Anj Döbon Azərbaycanda gedən sürətli inkişaf prosesini böyük maraqla izlədiklərini deyib. O, nümayəndə heyətində 30 şirkətin təmsil olunduğunu, bugünkü görüşdə isə enerji sektoru nümayəndələrinin iştirak etdiyini nəzərə çatdırıb. Azərbaycan prezidenti İlham Əliyev və bir sıra nazirlərlə keçirdikləri görüşlər haqqında təəssüratını bölüşən M. Döbon Azərbaycan və Fransa dövlət başçıları arasında mütəmadi görüşlərin iki ölkə arasında münasibətlərin inkişafında xüsusi rol oynadığını vurğulayıb. O, Fransa biznes dairələrinin Azərbaycanla əlaqələri daha da inkişaf etdirməyə, hazırda həyata keçirilən və gələcək üçün planlaşdırılan investisiya layihələrində iştiraka hazır olduqlarını bildirib.
 
MEDEF nümayəndə heyətinin başçısı Bakıda fəaliyyət göstərən Fransız Liseyi Təhsil Kompleksində olduqlarını, Fransa-Azərbaycan əməkdaşlığının məhsulu olan belə yüksək səviyyəli məktəbin ərsəyə gəlməsində və idarə olunmasında SOCAR-ın xüsusi rol oynadığını öyrəndiklərini deyib və buna görə SOCAR rəhbərliyinə təşəkkürünü bildirib.
 
Daha sonra qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb, görüşdə iştirak edən TOTAL E&P Europe & Central Asia Limited, ENGIE, SUEZ və başqa fransız şirkətlərinin nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.