Bakı 35° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,9297
  • RUB0,0247
  • NEFT$39.41
^
XƏBƏR LENTİ

Nazarbayevin növbəti Qarabağ missiyası... - Elxan Şahinoğlu

18-08-2016, 15:55 Baxış: 506
Nazarbayevin növbəti Qarabağ missiyası... - Elxan Şahinoğlu
Son zamanlarda Qazaxıstan prezidentinin ölkələr arasında vasitəçi olması regionda çox şeyi dəyişib. Atlas araşdırmalar mərkəzinin rəhbəri, politoloq Elxan ŞahinoğluQazaxıstan prezidentinin regionda oynadığı rolu şərh edib.
Qeyd edək ki, qarşıdakı aylarda Qazaxıstan prezidenti Nursultan Nazarbayevin  Çinə, Yaponiyaya, Cənubi Koreyaya, Azərbaycana, Ermənistana, Səudiyyə Ərəbistanına və İordaniyaya rəsmi səfəri olacaq-Red.
Qazaxıstan Rusiyanın strateji müttəfiqidir, iki ölkə müxtəlif ortaq siyasi, iqtisadi və hərbi alyanslarda yer alıblar. Buna baxmayaraq, Qazaxıstan prezidenti Nursultan Nazarbayev beynəlxalq aləmdə yalnız Rusiya prezidenti Vladimir Putinin müttəfiqi kimi dəyərləndirilmir. Beynəlxalq aləmdə Nazarbayev həm də öz mövqeyi olan və dövlətlərlə münasibətlərdə balansı gözləyən lider kimi xarakterizə olunur. Təsadüfi deyil ki, Rusiya ilə Türkiyə arasında münasibətlər gərginləşəndə bundan ilk öncə Nazarbayev narahat olmuşdu.
Nursultan Nazarbayev Türkiyə ilə Rusiya arasında vasitəçi oldu. Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğan rusiyalı həmkarı Vladimir Putinə məktubu məhz Nazarbayevin vasitəçiliyi ilə çatdırdı. Bu gün Rusiya-Türkiyə münasibətlərinin yenidən normallaşmasında Nazarbayevin böyük rolu var. Putin Nazarbayevə "yox” deyə bilməzdi. Ərdoğan da bunu bildiyindən vasitəçi kimi məhz Nazarbayevi seçdi.
Rusiya prezidenti Vladimir Putin avqustun 16-da Nazarbayevlə Soçidə görüşdü. Putin Rusiya-Türkiyə münasibətlərinin normallaşmasında oynadığı rola görə Nazarbayevə minnətdar olduğunu bildirdi. Putin dedi ki, Rusiya Türkiyə ilə münasibətləri inkişaf etdirməkdə maraqlıdır. Ancaq Nazarbayevin vasitəçiliyi bununla bitmir.
Putinlə görüşdə Nazarbayev dedi ki, Ukrayna prezidenti Pyotr Poroşenko ona zəng edib. Nazarbayevin sözlərindən aydın oldu ki, Poroşenko Donbasa xüsusi status verməyə razıdır, sadəcə bir sıra çətinliklər var. Rusiya "Minsk razılaşması”na görə Donbasa xüsusi statusun verilməsini istəyir. Nazarbayevin sözlərindən aydın oldu ki, Poroşenko buna razıdır, sadəcə ona vaxt lazımdır. Bununla Nazarbayev gərgin olan Rusiya-Ukrayna münasibətlərində də vasitəçi ola biləcəyinə işarə vurdu. Rusiya Qazaxıstanın strateji müttəfiqi olsa da, Nazarbayev Ukrayna ilə münasibətlərə də əhəmiyyət verir və Ankara kimi Kiyev də Qazaxıstan prezidentinin imkanlarından istifadə etmək istəyir.Nazarbayevin növbəti Qarabağ missiyası... - Elxan Şahinoğlu
"Yerdə qalır Ukrayna və Dağlıq Qarabağ problemləri...”

Azərbaycanın siyasi elitasının və cəmiyyətinin də Nazarbayevdən gözləntisi var. Nazarbayev Putinlə görüşdə belə bir fikir işlətdi: "Yerdə qalır Ukrayna və Dağlıq Qarabağ problemləri...”. Başqa sözlə Qazaxıstan prezidenti Putinə işarə verdi ki, Dağlıq Qarabağ probleminin də həllini sürətləndirmək lazımdır.

Nazarbayevin Dağlıq Qarabağ münaqişəsinin həllindəki vasitəçiliyi Azərbaycanın xeyrinədir. Çünki, Qazaxıstan prezidenti Dağlıq Qarabağ məsələsində hər zaman Azərbaycanın ərazi bütövlüyü prinsipindən çıxış edir. Məsələn, Ermənistan Avrasiya İqtisadi Birliyinə üzv olduqda Nazarbayev prezidentlərin sammitində dedi ki, Ermənistanın təşkilata üzvlüyü Azərbaycanın ərazi bütövlüyünə zərər gətirməməlidir. Nazarbayev bunu ona görə dedi ki, Ermənistan hakimiyyəti Dağlıq Qarabağda istehsal olunan malları da Avrasiya İqtisadi Birliyi ölkələrinə ixrac etmək istəyirdi. Ermənistan hakimiyyətinin bu planını Nazarbayev pozdu.

Bu baxımdan Nursultan Nazarbayevin Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə aktiv qoşulmasına Azərbaycanın ehtiyacı var. Qazaxıstan prezidenti bu ilin sonuna qədər Azərbaycana rəsmi səfər edəcək. Bu səfər çərçivəsində Bakıda daha çox iqtisadi və regional layihələr müzakirə olunacaq. Qazaxıstan Azərbaycan üzərindən qurulan nəqliyyat xətləri vasitəsilə Avropa və Şərq ölkələrinə çıxış imkanı əldə edir. Bununla yanaşı Bakıda Dağlıq Qarabağ münaqişəsinin həlli yollarının müzakirə ediləcəyi də istisna deyil.

Rusiyanın Ermənistan hakimiyyətinə təsir imkan imkanları var. Rəsmi Bakı münaqişənin həlli məqsədilə Moskvanın bu təsir imkanlarından istifadə etməsini istəyir. Ancaq Kreml Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılması məqsədilə hələ ki, İrəvana təzyiq etmir. Bu olmadığına görə də münaqişənin həlli uzanır. Astana Bakı ilə müqayisədə siyasi müttəfiqlik baxımından Kremlə daha yaxındır. Ona görə rəsmi Bakı ümid edir ki, Astana Kremllə dialoqda Dağlıq Qarabağ mövzusunu ön planda tutacaq.