Bakı 23° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8753
  • RUB0.0264
  • NEFT$58.99
^
XƏBƏR LENTİ

İlham Əliyev: “Ermənistan sülh istəmir”

24-10-2016, 19:03 Baxış: 218
İlham Əliyev: “Ermənistan sülh istəmir”

"Bizim torpaqlarımız təəssüf ki, uzun illərdir işğal altındadır. Azərbaycan ərazisinin 20 faizi - təkcə Dağlıq Qarabağ deyil, həm də keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ətrafındakı 7 rayon işğal olunub. Bu işğal nəticəsində bizim bir milyondan artıq qaçqın və köçkünümüz var. Xalqımız Ermənistan tərəfindən etnik təmizləmə siyasətinə məruz qalıb”. 
Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Xorvatiya Prezidenti xanım Kolinda Qrabar-Kitaroviçlə birgə mətbuata bəyanatlarla çıxışında deyib.

İlham Əliyev bildirib ki, beynəlxalq təşkilatlar Dağlıq Qarabağ münaqişəsilə mühüm qərar və qətnamələr qəbul ediblər. 
"Xüsusilə BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. Bu qətnamələr 20 ildən artıqdır ki, kağız üzərində qalır. Avropa Parlamenti, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı kimi digər təşkilatlar da oxşar sənədlər qəbul edib. Lakin təəssüf ki, münaqişə həll olunmur, çünki Ermənistan sülh istəmir. Onlar status-kvonu dəyişməz olaraq saxlamaq istəyirlər. Onlar ATƏT-in Minsk qrupu həmsədr ölkələrinin – ABŞ, Rusiya və Fransa prezidentlərinin status-kvonun qəbuledilməz olması ilə bağlı bir neçə dəfə açıq şəkildə etdikləri bəyanatlara qulaq asmaq istəmirlər. Bu, status-kvonu dəyişməz olaraq saxlamaq istəyən və təkcə BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, beynəlxalq davranış normalarına deyil, həm də dünyanın üç aparıcı ölkəsinin liderlərinin bəyanatlarına məhəl qoymayan Ermənistan rəhbərliyinə birbaşa mesajdır. Status-kvo qəbuledilməzdir və dünya ictimaiyyəti Ermənistanı beynəlxalq hüquqa əməl etməyə və onlara məxsus olmayan, bizə məxsus olan əraziləri heç bir şərt irəli sürülmədən azad etməyə məcbur etmək üçün ciddi tədbirlər görməlidir. Münaqişənin həlli Azərbaycanın bütün dünya tərəfindən tanınmış ərazi bütövlüyünə əsaslanmalıdır. Dünyada heç bir ölkə, o cümlədən Ermənistan Dağlıq Qarabağın oyuncaq rejimini tanımır. Azərbaycanın ərazi bütövlüyü hər hansı digər ölkənin ərazi bütövlüyü ilə eyni əhəmiyyətə malikdir”.

Bu ilin fevralında Bakıda keçirilən "Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının ikinci toplantısını xatırladan Azərbaycan Prezidenti deyib: "Cənub Qaz Dəhlizi” layihəsi qlobal enerji təhlükəsizliyi layihəsidir. Azərbaycan bu layihədə lider ölkə olaraq çox mühüm rol oynayır. Yeri gəlmişkən, bu rol Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlıq memorandumunda qiymətləndirilir və qeyd olunur.

"Cənub” Qaz Dəhlizi artıq reallıqdır. Layihənin həyata keçirilməsi qrafik üzrə gedir. Ümidvaram ki, sonrakı mərhələdə Xorvatiya və digər Balkan ölkələri bu mühüm enerji təhlükəsizliyi, şaxələndirmə və əməkdaşlıq layihəsinə qoşulacaqlar. Artıq 7 ölkə, belə demək mümkündürsə, komandanın üzvüdür. Düşünürəm ki, bir neçə ölkə, o cümlədən Xorvatiya tezliklə bu komandaya qoşulacaq.

Bizim iqtisadiyyatın digər sektorlarının, kənd təsərrüfatının, turizmin, həmçinin xalqlar arasında əlaqələrin inkişafı ilə bağlı çoxlu planlarımız var. Düşünürəm ki, xalqlar arasında əlaqələrin və Xorvatiyanın Azərbaycanda təbliğinin yaxşı nümunəsi böyük işlər görən Robert Prosineçkinin mükəmməl fəaliyyətidir. Bu qədər uzun illər gözləyəndən sonra biz indi komandamızla fəxr edirik. Çünki onun rəhbərliyi altında komandamız hazırda qrupda ikinci yerdədir. Üç oyundan sonra onların hesabında 7 xal - 2 qələbə və 1 heç-heçə var. Bu, mühüm nailiyyətdir. Əlbəttə, onun burada etdikləri təkcə futbol fanatları tərəfindən deyil, həm də xalqımız tərəfindən yüksək qiymətləndirilir və təbii ki, hamı onun Xorvatiyadan olduğunu bilir. O, sizin ölkənin yaxşı səfiridir və mən fürsətdən istifadə edərək ona uğurlu işinə görə təşəkkür etmək istərdim. Bu da bizim əməkdaşlığımızın yaxşı nümunəsidir və xanım Prezidentin səfəri sözsüz ki, bunun üçün yeni imkanlar açır”.