Bakı 13° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,8463
  • RUB0,0265
  • NEFT$36.64
^
XƏBƏR LENTİ

Eldar İbrahimov: “Hamı kənddən şəhərə qaçmaq istəyir”

8-06-2016, 15:39 Baxış: 259
Eldar İbrahimov: “Hamı kənddən şəhərə qaçmaq istəyir”

"Kimin ağlına nə qiymət gəlirsə, o qiymətə də satır”

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, millət vəkili Eldar İbrahimovun  müsahibəsi:

- Ölkə başçısı iqtisadiyyatın neftdən asılılıqdan azad etmək üçün qeyri-neft sektorunun inkişafını hökumətin qarşısında əsas məqsəd qoyub. Sizcə, bu sektorun inkişafı üçün optimal variantlar nələrdir?

- Bildiyimiz kimi, 1 ildən artıqdır ki, neftin qiymətində dörd dəfə enmə baş verib. Bu da digər ölkələr kimi Azərbaycana da öz təsirini göstərib. Ümumiyyətlə isə, faydalı qazıntılardan olan neft, qaz, qızıl və digərləri nə zamansa bitə bilər. Amma torpaq bitmir. O istifadə üçün böyük bir alətdir. Torpaqdan səmərəli istifadə olunmalıdır. Ona görə də 1996- cı ildə biz "Torpaq islahatı haqqında” qanun qəbul etdik. Bundan sonra 3,5 milyona yaxın əhali torpaq sahibi oldu. 1 milyon 200 min hektar kənd təsərrüfatına yararlı torpaqlar insanlara verildi. İndi həmin paydan fermerlər əkin əkib məhsul istehsal edirlər.

Hazırda qarşımızda duran birinci məsələ əhalinin ərzaq təhlükəsizliyidir. Dünyada heç bir ölkə özünü hər şeylə təmin edə bilmir. 2015-ci ildə xaricə ixracat məhsullarımız 604 milyon dollar həcmində olub. Bu da 1 milyard manatdan artıqdır.

"Mən həmişə supermarketləri gəzirəm”

- Bəs aqrar sahədə hansı mühüm işlər görülməlidir?

- Kənd təsərrüfatı məhsullarının istehsalını artırmaq lazımdır. Bunun üçün də yeni torpaqlar istifadəyə verilməlidir. Taxtakörpü su anbarının altında 30 min hektara yaxın, Şəmkirçay su anbarının altında 10 min hektara yaxın torpaq istifadəyə veriləcək. Bundan sonra, məhsuldarlıq da artmalıdır. Ekoloji cəhətdən təmiz məhsul istehsal etməliyik ki, xarici bazarda yer tuta bilək. Beləliklə də ölkəyə valyuta gətirə bilək.

Prezidentimiz 2015- ci ili kənd təsərrüfatı ili elan etdi. Ötən ildə fermerlərə verilən subsidiyalar, kreditlər, güzəştlər öz təsirini göstərdi. Hər hektardan  30,5 sentner taxıl götürdük. Bu göstərici Azərbaycanın tarixində bir ilk idi. Yeni təsərrüfat formaları yaradılır. Ağcabədidə, Qəbələdə pilot təsərrüfatlar var. Prezident göstəriş verib ki, daha 50 pilot təsərrüfat yaradılsın. Ağcabədidə 4800 hektar pilot təsərrüfatda taxıl əkilir. Hər hektardan 55-60 sentiner taxıl,110 sentiner qarğıdalı götürülür. 

Həmin təsərrüfatın yanında iribuynuzlu mal-qara kompleksi var. İnəklər Almaniyadan gətirilib. Onlar Almaniyada ildə 8-11 min litr süd verirlər. Biz isə artıq 7-8 min litr süd götürürük.

Bu yaxınlarda "Koorperasiya haqqında” qanun qəbul edəcəyik. Orada nəzərdə tutulur ki, iri kənd təsərrüfatı müəssisələri yaradılmalıdır. Bir var ki, 1 ya 2 hektar torpağa maşın salasan, yanacaq sərf edəsən, belə olan halda xərci borcunu ödəməyəcək. Amma 1000 hektarlarla torpaq olanda bu zaman xərclər bölünəcək. Məhsul istehsalını çox götürüb satıb qazanc əldə edirsən. Biz Avropa, Amerika kooperativləri ilə işləyirik. Dünyada kooperasiya sisteminin uzun illərdir ki, təcrübəsi var.

Mən həmişə supermarketləri gəzirəm, qiymətlərlə maraqlanıram. Başqa ölkələrdə də qiymətlərə baxıram. Əvvəllər marketlərimizdə Almaniyanın "Rayfayzen” şirkətinin, Pribaltika ölkələrinin, Belarusiyanın süd məhsulları çoxluq təşkil edirdi. İndi isə hamısı özümüzünküdür. "Atena” , "Milla” "Palmalı” süd zavodları var. Demək olar ki, özümüzü süd məhsulları ilə təmin edə bilirik. Hələ mən bazarlarda satılan məhsulları demirəm. Bazarı ət, yumurta məhsulları ilə təmin edə bilirik. 1 milyon tona yaxın kartof istehsal edirik. Keyfiyyətli məhsul istehsal etməklə xarici bazarı ələ almaq istəyirik.

Büdcədən 596 milyon manat həcmində aqrar sahəyə vəsait ayrılıb. Bütün sahələrə vəsait ayrılması azaldı, amma aqrar sahədə artdı. Bu ölkə başçısının aqrar sahəyə olan diqqət və qayğısının nəticəsidir. Prezidentin Ehtiyat Fondundan rayonlara pul ayrılır. Həmin puldan kənd yollarının çəkilməsi üçün istifadə edilir. Kənddə yaşayan insanlar üçün şərait yaradılır ki, onlar torpaqda işləsinlər.

Dövlət Əmlak Komitəsi araşdırıb ki, 200 min hektara yaxın pay torpaq sahələri hazırda istifadə olunmur. İndi həmin torpaqların dövriyyəyə cəlb olunması istiqamətində iş gedir. Bu cəlb etmə olarsa, məhsul istehsalımız artacaq. Bunlar istifadə yeriləndən sonra Azərbaycan nəinki özünün 10 milyon əhalisini, həmçinin 15 milyona yaxın əhalini də kənd təsərrüfatı məhsulları ilə təmin etməyə imkanı olacaq.

- Qeyd etdiniz ki, supermarketlərdə tez-tez olursunuz və qiymətlərlə maraqlanırsınız. Bizdə əhali marketlərdəki bahalıqdan şikayətlənir. Siz necə, qiymətlərlə razısınızmı?

"Mən 1 manatla ac qalmayacam, amma bir manat ona çox lazımdır”

- Supermarketlərdəki qiymətlər həmin ölkələrdəki insanların həyat səviyyəsi ilə ölçülür. Məsələn, Almaniyada 20-30 avro arası ət var. Bizdə isə qiymət 5-7-10 manat arasında dəyişir. Və bu da həyat səviyyəmizə uyğundur. Məhsul istehsal edən gətirib marketə onu pulsuz qoymayacaq ki. O da qazanmalıdır, çalışacaq ki, baha satsın. Alıcı da ucuz almaq istəyəcək. Bunun həll yolu isə ancaq bolluqdan keçir. Biz ərzaq məhsullarımızın sayını artıraq, inkişaf etdirək. Bolluq olandan sonra bazar özü-özünü tənzimləyəcək. Bazarda da qiymət bahadır. Çünki orada oturan alverçidir. Kəndli kartofu satmağa gətirir, qapının ağzında saxlayırlar, içəri buraxmırlar, kilosunu da 20 qəpikdən alırlar. Möhtəkir istəyir ki, kəndli bazara girməsin, bazarını özününkü hesab edir. Bunlar yığışdırılmalıdır.

"Kooperasiya haqqında” qanunda nəzərdə tutmuşuq ki, kəndli öz məhsulunu gətirib Bakının hansısa rayonunda sata bilsin, bu zaman bazarda nə qədər ucuzluq olacaq. İndi bazarın möhtəkirçisi 20 qəpiyə alır, 1 manata satır. Heç olmasa insafın olsun, 20 qəpiyə almısan, 30 qəpiyə sat da. Bahalıq bundan gəlir. İndi supermarket də özünü saxlamalıdır. Ucuz qiymətə qatığı, südü alır, baha qiymətə marketdə satır. Bunun da qarşısını müəyyən orqanlar almalıdır ki, bazar tənzimlənsin. İndi hamının ağzına düşüb ki, bazar iqtisadiyyatıdır. Bazar iqtisadiyyatı olanda nə olur? O bazar mənin əhalimin əleyhinədirsə, onu aldadırsa, bəs aidiyyatı icra orqanları buna nəzarət etməli deyilmi? Həm də nəzarətsizlikdən kimin ağlına nə qiymət gəlirsə, o qiymətə də satır.

- Elə kəndli də həmişə narazılıq edir ki, əkib becərdiyi bazarda pula getmir, qazanc əldə edə bilmir...

- Torpaqda işləmək çox çətindir. Qışın soyuğunda, yayın istisində kəndli nə qədər əziyyət çəkir. O kəndli istəyir ki, pul qazansın, uşağına məktəbli ləvazimatı alsın. Kəndlinin qazancı ondandır ki, əziyyət çəkir, tər tökür , torpağı becərir, bizə məhsul verir. Bunun haqqına belə hörmətsiz yanaşmaq olarmı? İnsan olan bəndə yanaşmaz. Mən şəxsən bazara gedirəm, qiymət soruşmuram ki, bunu neçəyə satırsan. Çünki bilirəm ki, onu əziyyətlə becərib. Eybi yoxdur, qoy məndən bir manat qazansın. Mən 1 manatla ac qalmayacam, amma bir manat ona çox lazımdır. Onun da ailəsi, uşağı var. İndi bunu mən edirəm, hamı mənim kimi deyil ki? Hamı deyir ki, gedim bazara pomidor, xiyarı pulsuz versinlər. Niyə pulsuz verməlidirlər ki? Buna kəndli əziyyət çəkib, tər töküb, yer qazıb. Şəhərdə oturan adam bunun əziyyətini bilmir.

- 2008- ci ildən etibarən ölkədə qeyri-neft sektorunun inkişafına milyardlarla vəsait qoyulub. Sonra belə bir məqam yarandı ki, qeyri- neft sektoru işin öhdəsindən gələ bilmədi. Bu sektorun ÜDM-də çəkisi artmadı. O zaman sual yaranır ki, bu qədər vəsaitin taleyi necə oldu?

"Bizim dolanışığımız o torpaqdan çıxır”

- Əvvəllər neft bol idi. Bu sahəyə daha çox diqqət edirdilər. Qeyri-neft sektoruna diqqət az idi. Amma möhtərəm prezidentimiz elə prezidentlik dövrünə başlayandan bu sahənin inkişafına diqqət edir. Xüsusilə də, aqrar sahənin inkişafına çox böyük diqqət göstərir. Çünki bizim dolanışığımız o torpaqdan çıxır. Mən deməzdim ki, burada problem var. İndi inkişaf torpaqda tez başa gələn deyil ki, danışıqda tez başa gəlir. Buna illər lazımdır. Məhsuldarlığı artırmaq, əkini çoxaltmaq üçün illər lazımdır. Mən başqa sahələri demirəm, hesab etmirəm ki, aqrar sahəyə pul qoyulub və o batıb. Belə deyil.

- Hazırda kənd təsərrüfatının ÜDM-də çəkisi nə qədərdir?

- Əvvəlki illərə görə artım xeyli var. Hazırda keçən ilə görə 6,6 faiz artım var. Qabaqlar 4-5 faiz idi. Bu rəqəmi getdikcə qaldırmalıyıq. Əvvəllər 2-3 milyardlıq kənd təsərrüfatı məhsulu istehsal olunurdusa, indi artıq 5,5 milyardlıq məhsul istehsal olunur. Bunun da 1 milyardı ixracat məhsuludur. O ölkə güclüdür ki, onun ixracı idxalından artıqdır. Bizim Kənd Təsərrüfatı Nazirliyi də bu sahədə böyük işlər görür.

- Bəzi ekspertlər belə bir fikir irəli sürür ki, XXI əsrdə XX əsrin texnologiyaları ilə kənd təsərrüfatını inkişaf etdirmək mümkün deyil. Yəni əlinə bir Belarus traktoru almaqla bu sahəni inkişaf etdirmək olmaz. Siz necə düşünürsünüz?

- O ekspertin kənd təsərrüfatı sahəsinə alınan texnikadan xəbəri yoxdur. Ona denən ki, getsin görsün ki, nə qədər texnikalar alınıb. Hamısı da xarici texnikalardır. Daha indi Rusiyanın kombaynını almırlar ey, xarici kombayn alırlar. Texniki tərəqqidə nə qədər yüksəliş var. Onu bilsinlər, sonra danışsınlar.

- O zaman siz bu sahəyə tətbiq olunan innovasiyalar haqqında danışa bilərsinizmi?

- Traktordan, kombayndan, kotandan, toxumsəpəndən tutmuş hamısı xaricdən alınıb. Bizim özümüzdə də istehsal başlayıb. Biz niyə deyirik ki, idxaldan asılılığımızı qurtaraq. Bizdə çox gözəl toxumsəpənlər var. Yüksək məhsuldarlığa malik olan texnikalarımız var. Məqsədimiz ondan ibarətdir ki, xaricdən pul verib aldığımız traktoru özümüzdə istehsal edək. Xərcimiz çıxmasın.

"İndi hamı kənddən şəhərə qaçmaq istəyir”

- İxrac potensialımızın həcmini dediniz. Bəs hədəf nədir?


- Pul gətirən bir sıra sahələr var. Üzümçülüyü, pambıqçılığı, baramaçılığı inkişaf etdirmək lazımdır. Barama pul da gətirir. Şəkidə bir vaxtlar baramaçılıq fabriki var idi. Orada 5000-ə yaxın adam işləyirdi. Ordubadda 2000 nəfər adam işləyirdi. Həm iş yeridir, həm də qazanc mənbəyi. Yəni biz bu məhsullarla daha çox xarici bazara çıxmalıyıq. Keçən il 4,8 min ton pambıq satılıb. Onun lifi və parçalığı birlikdə 17 min milyon dollar həcmində ölkəmizə pul gətirib. Bu az pul deyil. İndi 4 min ton satmışıq, gör indi 100 min ton satanda nə qədər pul yığacağıq. Təkcə bu sahədən büdcəmizə nə qədər valyuta axını olacaq. Eləcə də üzümçülük, yaxşı şərab istehsal edib onu sata bilərik. Bizim şərablarımız heç də Fransa, İtaliya şərablarından geri qalmır. Onun texnologiyasını da yüksək səviyyədə qururlar. Kooperativlər olsa, bu daha geniş olacaq. Kimisi üzümçülük, şərabçılıq sexi quracaq, kimisə pambıqçılıqla əlaqədar parça tikmək üçün sex açacaq.

İndi bəzi ekspertlər deyir ki, niyə texnologiya yoxdur. Lap XXI əsr olmasın, olsun XXVII . Bu zaman tələb edir. Bu gün pambıq əksən, sabah 50 milyard pul götürmək mümkün deyil. Buna zaman lazımdır. İnkişaf edə-edə o nöqtəyə çatacağıq. Bəzən insanlar naşükürlük edir. Sən indi deyirsən ki, XXI əsrdə niyə belə olur? Onda getsinlər XIX əsrə baxsınlar ki, onda hardaydıq? Bir geriyə bax, bugünkü günü müqayisə elə. Qabağa baxıb utopiya kimi 100 ilin dövlətləri ilə müqayisə aparmayaq. Əlbəttə, biz məqsəd qoymalıyıq ki, onlara çataq, geri qalmamalıyıq. İndi Avstriya ilə Azərbaycanın əhalisinin sayı eynidir. Amma biz Avstriya ola bilmərik axı. Onun nə qədər böyük imkanları var. Onların büdcəsi 70-80 milyarddır. İndi deyək ki, bu gün bizimkidə elə olsun? Ola bilməz.

Kənd təsərrüfatı da ağır sahədir. İndi hamı kənddən şəhərə qaçmaq istəyir. Niyə? Çünki istəyir ki, gəlib şəhərdə rahat yaşasın. Heç kəs əziyyət çəkib torpaq becərmək istəmir. Ordan qazanılan pul halal puldur. Çox təəssüflər olsun ki, bizim insanlarımızın da çoxu halal yox, haram pul axtarır.

- Bəs kəndlidə həvəsi necə yaratmaq lazımdır ki, o şəhərə qaçmaq istəməsin?

- Həvəs budur ki, kənddə yaşayanlara nə qədər güzəştlər verilib. Mən hesablamışam, son 10 ildə əgər fermerlər vergi versəydilər, 1 milyard 600 milyon manat məhsul istehsalından vergi verməli idilər. Prezidentimiz bunu bağışlayıb. Bu pul fermerin öz cibində təsərrüfatın genişləndirmək üçün qalıb. Kənd təsərrüfatında mizer vergisindən başqa qalan şeylər vergidən azaddır. Yanacaq, texnika güzəştlə verilir. Bəs bunlar kömək, diqqət deyil? Bundan artıq nə olacaq? Prezidentimizin kənd təsərrüfatına göstərdiyi qayğı heç bir ölkədə yoxdur. Biz ona görə edirik ki, kənd təsərrüfatının inkişafını qaldıraq. Məsələn, 1969-1982- ci illərdə Azərbaycan 1 milyon ton pambıq, 2 milyon ton üzüm istehsal edirdi. Deməli, biz bunu eləyə bilərik. İndi niyə eləməyək?

"Çox təəsüüflər olsun ki, insanlarımızda naşükürlük var”

- İqtisadçılar belə izah edir ki, Azərbaycanın Ümum Daxili Məhsulu heç vaxt quruda inkişaf etməyib, həmişə inkişaf dənizdə olub. Siz necə düşünürsünüz?

- Bu neftə aiddir. Düzdür, burada olub. Dənizdə neftdən çox xeyir götürülüb. İndi o zaman neftin qiyməti baha idi. Əlbəttə, oradan daha çox gəlir gəlirdi. Bir barrel 150 dollar olanda gör nə qədər gəlir əldə olunur? Amma bu qədər gəliri başqa sahələrdə qazanmaq çətindir axı. Başqa sahələrdən neft, qaz qədər xeyir götürə bilərik? Azərbaycan beş il bundan qabaq özünə tüfəng düzəldə bilirdi? İndi tank, top düzəldirik. Hərbi müdafiə qüdrətimiz nə qədər artıb.

- Neftdən əldə olunan gəlirlər Dövlət Neft Fondunda toplanır. Məsələn, olmazdımı ki, bu fond vaxtilə qeyri- neft sektorun inkişaf etməsi üçün kreditlər şəklində bu sahəyə vəsait ayırardı, həm özü, həm də qeyri-neft sektoru qazanmış olardı...

- Bizim neftdən çox böyük gəlirlərimiz olub və o pullar Dövlət Neft Fondunda cəmləşib. O pullar insanların mənafeyi üçün xərclənib. 1 milyon qaçqınımız var. Onlar üçün qəsəbələr salınıb, həmin qəsəbələr nəyin hesabına tikilib, neftdən gələn gəlirlərin hesabına. O Neft Fondundan hər yerə köməklik olunub. Yəni səmərəsiz xərc yoxdur. Hər şeyi ölkə başçısı çox səmərəli, planlı şəkildə həyata keçirib. Qabaqlar plan var idi. İndi planın adını dəyişdirib proqram qoyublar. Bütün rayonların inkişafı ilə əlaqədar dövlət proqramları var. Rayonlarımız abadlaşır, istehsal sahələri açılır, emal zavodları açılır. Nə qədər saxlama kameraları tikilib. Bunlar iş deyil? Çox böyük işlər gedir, Azərbaycan sürətlə inkişaf edir. Biz başqa ölkələrin 10 ildə keçdiyi yolu bir ildə keçə bilirik. Hələ bəlkə də tez, bundan artıq nə olacaq. Çox təəsüüflər olsun ki, insanlarımızda naşükürlük var. Geriyə dönüb baxanda bu günümüzə şükrlə yanaşmalıyıq.

- Belə təsəvvür yaranıb ki, qeyri-neft sektorunun inkişafı bir sıra sahələrdə cərimələrin miqdarının artması hesabına təmin edilir...

- O fikirlə mən razılaşmıram. Sürücü qanunsuzluq edirsə, polis də onu saxlayırsa, onun neftə ya qeyrisinə dəxli yoxdur. Söhbət ondan gedir ki, ölkədə bütün sahələrdə qanun-qayda olmalıdır. Məsələn, Naxçıvandan sizə deyim. Orada taksi sürücüsünün geyimi, maşının təmizliyi, kəməri bağlaması həmişə qaydasında olur. Naxçıvanı Azərbaycanın qalan digər rayonları ilə müqayisə etsək, burada qəzaların sayı çox aşağıdır. Demək olar ki, heç qəza olmur. Niyə? Çünki qanun-qayda var. İndi Bakıda da Daxili İşlər Nazirliyi bu sahədə qanun-qayda yaradır. Burdan cərimə edirlər, sonra yenə sürücü səhv edir. Narkotik üstündə tutulur, həbsdən çıxır, yenə narkotik işiylə məşğul olur. İnsanlar belədir da. Bunu onunla əlaqələndirmək olmaz ki, neft sənayəsində azalma gedir, indi istəyirlər ki, cərimələrlə büdcəni doldursunlar. Qətiyyən aidiyyatı yoxdur. Bu qədər radarlar qoyulur? Nə qədər gündə qəzalar olur. O gün olur ki sən televiziyadan qulaq asmayasan ki qəza olmasın? Adamlar ölür, bəs bunun qarşısını necə almaq olar? Qayda-qanun yaratmağı başqa şeylərə yozmayaq.

"Mənim sözümlə oturub dururlar?! Lazımdısa sökəcəklər”

- Dünyada təkcə neftin qiyməti düşmür, eyni zamanda ölkəmizdə hasilat da azalır. Müsahiblərimdən biri demişdi ki, baxmayaraq hasilat azalır, amma yenə abituriyent 650 balla Bakı Ali Neft Məktəbinə daxil olur. Amma 150-200 balla Gəncədəki Aqrar Universitetə girmək istəmir. Bu sahədə inkişaf da o zaman olacaq ki, tələbə 650 balla Aqrar Universitetə daxil olmaq istəyəcək. Siz necə düşünürsünüz?

- İndi yenə "Koorperasiya haqqında” qanuna qayıtdıq. Böyük təsərrüfatda aqronom da var. Çünki bitkinin dilini o bilir. Zootexnik də var, çünki heyvanın dilini o bilir. Mühəndis də var, çünki texnikanın dilini o bilir. İşi onun sahibinə tapşırmaq lazımdır. Məsələn, bizim Aqrar Universitetə oxumağa gedən yox idi. Ona görə ki fermerin 1-2 hektar torpaq sahəsi var. Ona aqronom da götürəcək? Heç özü dolana, qoyduğu xərci çıxara bilir ki? Ona görə də biz bu sahəni inkişaf etdiririk ki, artıq iş yeri yaransın. Kənd təsərrüfatını qurtaranlar üçün iş yeri yoxdur. Aqronomu kim götürəcək işə?

- Ölkə başçısı Dünya Azərbaycanlılarının qurultayında biznesmenlərə ölkəyə sərmayə yatırması üçün çağırış etdi. Biznesmenlər isə narahatdırlar ki, qoyduqları pulu götürə bilməyəcəklər...

- Mən də prezidentimizin fikrini təsdiq edirəm. Biznesmenlər sərmayə qoysalar, yatırımları batmaz. Yaxşı biznesmen qoyduğu sərmayəni götürəcək. Heç bir başqa söhbət yoxdur, ola da bilməz. İndi kimsə nöqsan görürsə, bəlkə onun gözü mənimkidən daha açıqdır, onu özü bilər.

- Son olaraq, ziyalı kimi mövqeyinizi bilmək istəyirəm. Son günlər Sovetskidə tarixi binaların sökülməsi prosesi gedir. İctimaiyyət tərəfindən də bu birmənalı qarşılanmır. Deyirlər ki, biz millət olaraq tariximizə sahib çıxa bilmirik...

- Bilirəm, orada söküntü işləri gedir. Deyilənə görə, orada gözəl park salınacaq. Bunlar şəhərin gözəlliyi üçündür. Orada hansısa tarixi binanı sökmək isə dövlətin işidir. Ziyalı nə deyir desin. Mən deyim ki, sökmə. Mənim sözümlə oturub dururlar?! Lazımdısa sökəcəklər. Bəlkə yerində daha gözəl muzey tikəcəklər. Bundan əlavə, bizim tariximiz də var, ona da hamı hörmətlə yanaşır. Hər bir ziyalının öz fikri var. Mən şəxsən bunları görmürəm

Eldar İbrahimov: “Hamı kənddən şəhərə qaçmaq istəyir”


Tezis.Az