Bakı 29° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.9127
  • RUB0.0270
  • NEFT$63.78
^
XƏBƏR LENTİ

Regionda ilk Yunus Sosial Biznes Mərkəzi istifadəyə verildi

21-06-2016, 19:26 Baxış: 222
Regionda ilk Yunus Sosial Biznes Mərkəzi istifadəyə verildi Bu gün regionda ilk dəfə olaraq Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) yaradılan Yunus Sosial Biznes Mərkəzinin (YSBM) açılışı olub.
Açılışda Azərbaycan Respublikası Prezidentinin İqtisadi İslahatlar üzrə köməkçisi Natiq Əmirov, Təhsil naziri Mikayıl Cabbarov, Əmək və Əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev, Parlamentin İqtisadi komitəsinin sədri Ziyad Səmədzadə və digər rəsmi qonaqlar iştirak edib. Mərkəzin açılışını bildirən rəmzi qırmızı lenti kəsən İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov, Nobel Sülh Mükafatı Laureatı professor Məhəmməd Yunus və Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev daha sonra ali qonaqların iştirakı ilə 3-tərəfli birgə əməkdaşlıq memorandumunu imzalayıblar. Sənəddə tərəflər arasında qarşılıqlı əməkdaşlığın inkişafı, yoxsulluğun aradan qaldırılmasında professor M.Yunusun fikirlərinin tanınması, Sosial Biznes konsepsiyasının həyata keçirilməsi nəzərdə tutulub. Bildirilib ki, UNEC YSBM sosial biznes ideyasını təşviq etmək məqsədilə tələbə və könüllülərin inkişaf etməkdə olan ölkələrdəki kasıbların iqtisadi inkişafını təmin edən proqram və metodların ilkin mənbədən öyrənilməsi üçün tədris səfərlərini təşkil edəcək. Eyni zamanda, UNEC YSBM Azərbaycanda və regionda sosial biznes ideyasının inkişafını dəstəkləmək üçün akademik görüşlər, seminar, diskussiya və tədqiqatlar keçirəcək. Sosial biznes ideyalarınıın yayılması istiqamətində vətəndaş cəmiyyəti qurumları, mikromaliyyə təsisatları və biznes strukturları YSBM-nin fəaliyyətinin uğurlu təşkilinə cəlb olunacaq. Mərkəz, həmçinin sosial biznes dizayn laboratoriyaları yaratmaqla bərabər, tələbə mübadilə proqramları, akademik debatlar, təcrübə proqramları, eləcə də könüllü fəaliyyətlər həyata keçirəcək. Mərkəzin rəhbəri UNEC-in müəllim heyəti arasından seçiləcək. Sonda Nobel Sülh Mükafatı laureatı M.Yunus YSBM-də tədbir iştirakçıları üçün Azərbaycan dilinə tərcümə edilən "Kasıbların bankiri” (The Banker to the Poor) kitabını imzalayıb. Qeyd edək ki, Dəkkə Yunus Mərkəzi Banqladeşdə yoxsulluğun azaldılması və davamlı inkişaf sahəsində fəaliyyət göstərən sosial biznes mərkəzidir. Mərkəz əsasən sosial biznesə əsaslanan professor M.Yunusun fəlsəfəsini təbliğ etmək və paylaşmaq üçün yaradılıb.