Bakı 11° C Temperatur

71

7m/s

  • USD1.7000
  • EUR1.9600
  • RUB0.0254
  • NEFT$62.00
^
XƏBƏR LENTİ

Bunları etsəniz, uşağın dərsə marağı itəcək - Ekspert

7-01-2019, 11:17 Baxış: 21
Bunları etsəniz, uşağın dərsə marağı itəcək - Ekspert
Tətildən sonra uşaqların dərsə adaptasiyasında müəyyən problemlər yaşanır. Xüsusən, tətilin həftə içi başa çatmasından sonra şagirdlərin 1 və ya 2 gün dərsə gedib yenidən istirahət günlərinə (şənbə-bazar) ayrılması onların uyğunlaşmasına mane olur.
Məsələ ilə bağlı axar.az-a danışan psixoloq Könül Telmanqızı bildirib ki, bu problem əsasən tətillərdə valideynlərin uşaqlarının yuxu rejiminə fikir verməməsindən irəli gəlir: "Yuxu rejiminin bir neçə günlük pozulması uşağın əsəblərinə də, dərs və məktəbə adaptasiyasına da təsir edir. Xüsusilə "sabah məktəbdir, səhər tezdən dərsə gedəcəksən” tipli sözlər uşaqlarda ruh düşkünlüyü yaradır.
Məktəblini bu vəziyyətdən çıxarmaq üçün valideynin üzərinə böyük iş düşür.
Çünki tətil ərəfəsində müəllimin evə verdiyi tapşırıqları valideynlər adətən tətilin son günündə uşağa məcburi etdirir. Bu da məktəbə bir gün qalmış uşaqda depressiv əhval yaradır. 5 və ya 6 günlük bayram tətilində uşağı davamlı olaraq dərs oxumağa məcbur etmək də olmaz. Yaxşı olar ki, uşaqlar tətildə məcburi dərs kitablarındansa maraqlı nağıl kitabları, heyvan və güllərə aid olan kitablar oxumağa həvəsləndirilsin. Tətil günündə ən azı bir saat hansısa dərslə məşğul olsun ki, tətil bitdikdən sonra birdən-birə oyun oynamaqdan ayrılıb, dərs masasına əyləşmək ona çətin gəlməsin”.
K.Telmanqızı qeyd edib ki, dərs vaxtı hər gün tezdən durmağa adət edən uşağın 5 günlük tətildə 11-ə qədər yatıb, axşam saat 12-yə qədər oynaması və yatmaq istəməməsi onun rejiminin pozulmasına səbəb olur: "Uşaqları tətildə sübh tezdən olmasa da, normal saatlarda oyatmalı, axşam isə 10-dan gec olmayaraq yatırtmaq lazımdır. Xüsusilə aşağı siniflərdə oxuyan uşaqların 5 günlük tətildən sonra ənənəvi rejimə qayıtması onların psixologiyasına, əsəb sisteminə təsir edir. Adətən yenidən dərsə adaptasiya bir həftəyə qədər davam edir. Lakin bəzi həssas uşaqlar var ki, bu cür əhval həftələrlə davam edə bilər. Bu səbəbdən tətil günlərində valideynlər xüsusilə diqqətli olmalıdır”. Təhsil eksperti Kamran Əsədov isə bildirib ki, məktəblinin dərsə adaptasiyası üçün müəllimin də üzərinə yük düşür: "Dünya təhsil təcrübəsinə görə, tətillərdən sonra məktəbə uyğunlaşma uzunmüddətli və fərdi prosesdir.
Bu proses bir çox amillərdən asılıdır: Uşağın şəxsi xüsusiyyətlərindən, məktəbə (yalnız intellektual olmayan, həm də psixoloji və fiziki) hazırlığın dərəcələrindən və uşağın sosiallaşma dərəcəsindən. Yəni dərsə ara verilən müddətdə şagirdin rejimi pozulur, onun yatma, oyanma, dərs oxuma müddətləri qarışır.
Bunun aradan qaldırılması üçün məktəb müəllimi ilə valideyn kontaktda olmalıdır. Belə ki, məktəb təhsilinə uyğunlaşma dövründə uşağın temperamentini nəzərə almaq lazımdır.
Aktiv uşaqlara uzun müddət bir yerdə oturmaq ağırdır, ləng məktəb ritminə alışmaq çətindir. Tətilin birinci həftələrində birinci sinif şagirdinin öz gücünə və imkanlarına, eləcə də özünə inam qazanmağına kömək etmək əhəmiyyətlidir. Hesab edirəm ki, tətildən sonra müəllimlər uyğunlaşa bilməyən, müəyyən qədər dərsə gecikən şagirdlərə güzəştlər etməlidir. Şagirdlər tətildən qayıtdıqları dövrdə həssas ola bilərlər. Onlara yanaşarkən müəllim bunu nəzərə almalıdır.
Bu dövrü müəllimlər və valideynlər düzgün şəkildə keçirməlidir ki, sonrakı dövrlər uşaq üçün çətin olmasın. Çünki başlanğıcdakı aqressiya sonradan şagirdin məktəbdən tamamilə marağının azalamasına gətirib çıxara bilər”.