Bakı 23° C Temperatur

83

5m/s

  • USD1.7000
  • EUR1.9216
  • RUB0.0265
  • NEFT$72.49
^
XƏBƏR LENTİ

Mehriban xanım mübahisəyə qarışdı: Ev verildi...

29-03-2019, 17:36 Baxış: 49
Mehriban xanım mübahisəyə qarışdı: Ev verildi...
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Aprel döyüşlərində şəhid olmuş polkovnik-leytenant Sənan Axundovun ailəsinə yeni mənzil verilib.
Bu barədə Virtualaz.org məlumat yayıb. Bildirilir ki, "Şərurlu İsfəndiyar” kimi tanınan tikinti maqnatının qaldırdığı iddia əsasında pulunu ödədikləri halda mənzili məhkəmə qərarı ilə əllərindən alınan şəhid ailəsi ilə bağlı yaranmış situasiyaya Birinci vitse-prezidentin tapşırığı ilə müdaxilə edilib və Heydər Əliyev Fondunun nümayəndələri bu gün şəhidin ailəsi ilə görüşüb.
Sənan Axundovun ailəsinə bildiriblər ki, Mehriban Əliyevanın tapşırığı əsasında onların problemi həll olunur və Bakının Nərimanov rayonunda ailəyə yeni mənzil verilir.
Xatırladaq ki, ölkənin ən böyük tikinti maqnatlarından olan "Şərurlu İsfəndiyar” kimi tanınan İsfəndiyar Axundov haqqında ölkə mətbuatında ciddi ittiham dolu yazı dərc olunub. Jurnalist Aida Eyvazlının sosial şəbəkədə paylaşdığı status əsasında Virtualaz.org-un yaydığı "Şərurlu oliqarxın misli görünməmiş əclaflığı” yazısında bildirilir ki, İsfəndiyar Axundovun şikayəti əsasında aprel şəhidi Sənan Axundovun ailəsinə məxsus ev əlindən alınıb.
Yazıda qeyd edilir: "Bu günlərdə Ali Məhkəmə "Şərurlu İsfəndiyar” kimi tanınan oliqarx, tikinti maqnatı İsfəndiyar Axundovun iddiası əsasında 2016-cı ilin aprel müharibəsində xüsusi təyinatlıların canını vətənə qurban vermiş polkovnik-leytenant Sənan Axundovun ailəsinin əlindən 50 kvadratmetrlik mənzilin alınması haqda qərar çıxarıb. Bu qərar sosial şəbəkələrdə və ictimaiyyətdə haqlı olaraq həm qərarı çıxaran hakimlərə, həm özünün tikinti maxinasiyaları və dələduzluqları ilə ad çıxarmış şərurlu oliqarxa qarşı hiddət yaradıb.
Məsələ belədir ki, bir neçə il əvvəl xüsusi təyinatlı zabitimiz Sənan Axundov "Kamran” MMC adlı tikinti şirkətinin Bakıda inşasına başladığı çoxmərtəbəli binadan 50 kvadaratmetrlik mənzil sahəsi alıb.
Daha sonra tikinti yarımçıq qalıb, "Kamran” MMC-nin rəhbərliyi barəsində dələduzluğa görə cinayət işi başlanılıb. Və 11 mərtəbəsi tikilmiş yarımçıq binanı "Şərurlu İsfəndiyar” alıb. Oliqarx daha 5 mərtəbə inşa edib və binadan mənzil alanlara şərt qoyub ki, onlar aldıqları mənzillərə görə yenidən əlavə vəsait ödəməli olacaqlar.
Zabit Sənan Axundov bu şərti qəbul etməyib, sağlığında məhkəmə iddiası qaldıraraq 50 kvadratmetrlik mənzil sahəsi üzərində mülkiyyət hüququnu tanıyan qərar çıxarılmasına nail olub. Lakin Sənan Axundov Aprel döyüşlərində şəhid olanda "Şərurlu İsfəndiyar” fürsəti əldən verməyib və həmin mənzil sahəsini ələ keçirmək üçün şəhidin ailəsinə qarşı məhkəmə iddiası qaldırıb. Əlbətdə, xirtdəyinə qədər korrupsiyalaşmış hakimlər zəngin oliqarxın istədiyi qərarı çıxarıblar və mənzil sahəsi üzərində hüququn onun şirkətinə məxsus olduğunu tanıyıblar. Məhkəmə çəkişməsinin davam etdiyi vaxtlarda şəhid Sənan Axundovun ailəsi bir neçə dəfə həmin mənzil sahəsində təmir-bərpa işləri aparıblar. Lakin oliqarxın qoçuları hər şeyi alt-üst ediblər. Nəhayət Ali Məhkəmə də oliqarxın xeyrinə qərar çıxarıb. Beləliklə, şəhid zabitin sağlığında öz maaşından kəsib pulunu ödədiyi mənzil sahəsi onun ailəsinin əlindən alınır. Bu məhkəmə çəkişməsində "Şərurlu İsfəndiyar”ın xeyrinə olan dəlillərin nə dərəcədə tutarlı olması bir yana, hiddət doğuran odur ki, illərdir şəhərin arxitekturasının korlanmasında, kortəbii tikintilərin baş alıb getməsində və hər cür tikinti dələduzluqlarında böyük xidmətləri olan, nəticədə nəhəng sərvət toplayan, özünün dediyi kimi cəmi 4 sinif bitirmiş bu qudurğan oliqarx canını vətən uğrunda qurban vermiş zabitin ailəsinə məhkəmələrin əli ilə divan tutmağa qalxıb”. Yazıda daha sonra "Şərurlu İsfəndiyar”ın oğlunun qiyməti yüzminlərlə ölçülən maşınları və bahalı həyatı haqda məlumat verilib və belə zəngin ailənin şəhid ailəsinə qarşı hərəkəti kəskin pislənilib. Musavat.com-a açıqlama verən İsfəndiyar Axundov isə yayılan məlumatları təkzib edib. O bildirib ki, indiyə qədər Azərbaycan Respublikasının qanunlarından kənara çıxan heç bir addım atmayıb: "Bu məsələnin əslində mənə heç bir aidiyyəti yoxdur. Həmin adamları da aldadan Kamran MMC-nin işçiləri olublar. Hazırda qeyd edilən MMC-nin sahibi həbsdədir.
Məsələni daha dəqiq formada izah etsək, proses aşağıdakı kimi olub.
Belə ki, 11 il bundan öncə şikayətçilər ev alıblar. Elə həmin zaman da məhkəmə qərar çıxarıb ki, verilən sənədlərin hamısı saxtadır. Sənədi verən insanlar həbs edilib, hazırda da türmədə yatırlar. 11 ildən sonra zərərçəkən ailə müraciət edir ki, mənim saxta sənədimi hakimlər düzgün sənəd kimi bərpa etsinlər. Hələ 11 il bundan öncə rayon məhkəməsi, Apelyasiya Məhkəməsi və Ali Məhkəmə qərar qəbul ediblər ki, sənədlər saxtadır.
Qanunu geriyə qaytarmaq olarmı?
Deyim ki, həmin zaman aprel döyüşləri olmamışdı. İndi aprel döyüşlərində şəhid olan qardaşımızın qayınatası deyir ki, kürəkənim aprel ayında şəhid olub. Şəhidlər bizim inanc yerimizdir, ümidimizdir. İnsanların hər zaman and içdiyi qibləmizdir şəhidlər. Ancaq eyni zamanda bu dövlətin qanunu var. Qanunla mənim sənədlərimin hamısı qaydasındadır. Sadəcə olaraq burada yanaşma fərqlidir. Haradasa məsələdə sui-istifadə, başqa məqsədlər var”. İ.Axundov bildirib ki, sözügedən bina ona məxsus deyil: "İnternetdə axtarış versəniz görərsiniz ki, Kamran MMC 98 mənzili 270 nəfərə satıb.
Binanın inşası isə yarımçıq qalmışdı. Dövlət mənə tapşırdı ki, binanın inşasını davam edim. Mən də binanı tikib, siyahı ilə camaatı yerləşdirdim. Burada mənim nə günahım var? Kamran MMC ilə nə şərikliyim olub, nə də onlara hər hansı aidiyyətim var.
Əksinə, MMC-nin işçiləri camaatı aldatmışdı, mən isə onlara yardım etdim.
Deyim ki, MMC-nin rəhbərlərinin hamısı orqan işçiləri idi. Ən maraqlısı da odur ki, camaata verdiyi müqavilələrin yuxarı hissəsinə "Bismillahir Rəhmanir-Rəhim” sözləri yazılıb. Qanuni sənədə bunu yazmaq olarmı? Bu sənədlə çıxarış almaq mümkündürmü? Elə ilk baxışdan görünür ki, MMC-nin camaata verdiyi sənədlər saxtadır.
İndi MMC-nin sahiblərinə 14-17 il iş veriblər.
Görünür bu adamlar da düşünürlər ki, mənə təzyiq edib, qorxutmaqla nə isə əldə edəcəklər. Xeyr, bu, olası bir şey deyil. Qanun nədirsə, mən onunla hərəkət edirəm. Deyirlər ki, aprel ayında kürəkənim rəhmətə gedib, sən də qanunu dəyiş. Ev əslində şəhidimizin qayınatasının adınadır.
11 il öncə verilən qanunu necə dəyişmək olar? Məlumat yayıblar ki, İsfəndiyar Axundov məhkəmədə qalib gəlib. Bu da yalandır. Mənim bu məsələyə heç bir aidiyyətim yoxdur. Sadəcə olaraq mən binanı tikmişəm. Binanı satanlar bu gün həbsxanada yatırlar.
Ona görə xahiş edirəm, mənim adımı mətbuat səhifələrində yalan yerə hallandırmasınlar. Reallıq nədirsə, onu yazmaq lazımdır”.