Bakı 23° C Temperatur

83

5m/s

  • USD1.7000
  • EUR1.9216
  • RUB0.0265
  • NEFT$72.49
^
XƏBƏR LENTİ

1001-ci Qran-Pri: Bakıda Formula 1 həyəcanı davam edir

27-04-2019, 19:41 Baxış: 24
1001-ci Qran-Pri: Bakıda Formula 1 həyəcanı davam edir
Bakıda Formula 1 həyəcanı davam edir. Azərbaycan idmanın bu növü üzrə dünya çempionatının dördüncü mərhələsinə - Formula 1 SOCAR Azərbaycan Qran-Prisinə ev sahibliyi edir.
Formula 1 təqvimində özünəməxsus yeri olan bu Qran-Pri həmişə avtoidman həvəskarlarının ən sevdiyi mərhələlərdən biri kimi yadda qalır.
Bunu ölkəmizə gələn turistlərin sayından və istər idmançıların, istərsə də azarkeşlərin fikirlərindən də bilmək olur. Aprelin 27-də yarış həftəsonunun ikinci günündə Formula 1-in üçüncü sərbəst yürüş və sıralanma turu təşkil olunacaq. Üçüncü sərbəst yürüş saat 14:00-da, sıralama yürüşü isə saat 17:00-da başlayacaq. Günə DJ Mendozanın, Rilayanın və Cessi Ceyin konsertləri ilə yekun vurulacaq.
Formula 1 SOCAR Azərbaycan Qran-Prisinin sonuncu günündə - aprelin 28-də saat 11:20-dən 12:00-dək azarkeş zonasında "Williams”, "Racing Point”, "McLaren”, "Haas” və "Toro Rosso” komandalarının pilotlarının avtoqraf sessiyaları olacaq. Saat 13:10-da Formula 2 üzrə ikinci yarış start götürəcək. Bundan sonra ən həyəcanlı anlar başlayacaq. Belə ki, saat 14:30-dan 15:00-dək açılış mərasimi və pilotların paradı təşkil olunacaq. Dövlət himninin səsləndirilməsindən sonra – saat 16:10-da Formula 1 SOCAR Azərbaycan Qran-Prisinə start veriləcək və pilotlar iki saat ərzində Bakı trekində 56 dövrə vuracaqlar. Trekin möhtəşəmliyi ilə digər yarışlardan fərqlənən Bakı şəhər halqasında pilotların gərgin idman mübarizəsi nəticəsində dünya çempionatının dördüncü mərhələsinin qalibi müəyyənləşəcək. Günün sonunda "Baku Crystal Hall”da DJ Mendoza, AISEL, Kardi B avtoidman həvəskarlarına unudulmaz anlar bəxş edəcəklər. Səhər saatlarınadək davam edəcək DJ-lərin konsert proqramında isə əsl bayram ab-havası yaşanacaq. Ötən üç Qran-Pridən sonra pilotların yarışına 44 xalla "Mercedes”in pilotu Valtteri Bottaş liderlik edir. Komanda yoldaşı Luis Hamilton ondan 1 xal geri qalır. "Red Bull Racing Honda”nın hollandiyalı pilotu Maks Ferstappen 27 xalla üçüncü, "Ferrari”nin Monakodan olan sürücüsü Şarl Lekler isə 26 xalla dördüncü pillədə qərarlaşıblar. Cari çempionatın geridə qalan üç mərhələsində "Mercedes” komandasının pilotlarının inamlı çıxışı onların Bakıdakı yarışda da uğurla çıxış edəcəkləri ehtimalını gücləndirir. Üç Qran-Prinin yekununda Konstruktorların yarışında "Mercedes” komandası 130 xalla birinci sıradadır. İkinci yerdə qərarlaşan "Ferrari” komandasının 73, üçüncü pillədəki "Red Bull Racing Honda”nın 52 xalı var. Qeyd edək ki, builki Bakı yarışı Formula 1 idmanı tarixində sayca 1001-ci Qran-Pridir. Çində təşkil olunan Formula 1 üzrə 1000-ci Qran-Pridə qələbə qazanan Luis Hamilton iki yubiley Qran-Prisinin qalibi olan ilk pilot kimi tarixə düşüb. Belə ki, o, həm də 2014-cü ildə Bəhreyndə təşkil olunan 900-cü Qran-Pridə də qələbə qazanıb. Xatırladaq ki, 1961-ci ildə Almaniyanın Nyurburqrinq trasında keçirilən 100-cü Qran-Pridə "Lotus” komandasının pilotu Stirlinq Moss qalib gəlib. On il sonra Monakoda keçirilən 200-cü yarış "Tyrrell”in üzvü Ceki Styuartın qələbəsi ilə yekunlaşıb. 300-cü Qran-Priyə 1978-ci ildə Cənubi Afrika Respublikası ev sahibliyi edib. Kyalami trekində təşkil olunan yarışda "Lotus”un pilotu Ronni Peterson fərqlənib. 1984-cü ildə Avstriyanın Tseltveq şəhərində baş tutan növbəti yubiley yarışında "McLaren”in sürücüsü Niki Lauda birinci olub.
Formula 1-in 500-cü Qran-Prisi 1990-cı ildə Avstraliyanın Adelaida şəhərində keçirilib və qələbə sevincini "Benetton” komandasının üzvü Nelson Pike yaşayıb. 1997-ci ildə Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən 600-cü yarışda "Williams” komandasının pilotu Jak Vilnev qalib gəlib. 2003-cü ildə Braziliyanın "İnterlaqos” avtodromu 700-cü Qran-Priyə ev sahibliyi edib. Yarışın qalibi isə "Jordan” komandasından Cankarlo Fizikella olub.
"Renault”un pilotu Fernando Alonso 2008-ci ildə Sinqapurda 800-cü yürüşdə fəxri kürsünün ən yüksək pilləsində yer alıb.