Bakı 19° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,8369
  • RUB0,0231
  • NEFT$31.93
^
XƏBƏR LENTİ

Zurabişvili Borçalıda hansı yollarla qalib gəldi?

29-10-2018, 14:55 Baxış: 253
Zurabişvili Borçalıda hansı yollarla qalib gəldi?Gürcüstana Saakaşvilinin bəxş etdiyi demokratik uğurları məhv etmək mümkün deyil.
Bu sözləri Axar.az-a açıqlamasında Gürcüstan Vahid Milli Hərəkat Partiyasının Qardabani rayonu üzrə lideri, Gürcüstan parlamentinin eks-deputatı Ramin Bayramov deyib.
"Gürcüstanda Mixail Saakaşvilinin öz komandası ilə birgə yaratdığı hüquqi-demokratik sistem mövcuddur. Bu sistem sübut edib ki, Gürcüstanda demokratik seçki keçirtmək mümkündür və buna əsas dəlil 2012-ci il prezident seçkisidir. Məhz bu seçkidə hakimiyyətdə olan Mixail Saakaşvilinin partiyası uduzdu. İndiyə qədər hazırkı hakimiyyət hər yolla cəhd edib ki, ölkədə mövcud olan sistemi dəyişdirməyə çalışsın.
Hətta bəzi dəyişikliklər edilib ki, hakim partiya daim qalib gələ bilsin. Bunlara rəğmən, Gürcüstanın əldə etdiyi demokratik uğurları məhv etmək çətindir. Buna ictimaiyyət izn verməz”, – deyə o bildirib. O, son seçkinin Saakaşvilinin İvanişvili üzərində son altı ildə qazandığı ilk qələbə olduğunu deyib: "Bu, son altı ildə Saakaşvilinin İvanişviliyə qarşı ilk qələbəsidir. Bu, böyük qələbədir və böyük zəhmət hesabına əldə edilib.
Azərbaycanlıların kompakt yaşadığı bölgələrin nəticələrinə gəlincə isə, azərbaycanların böyük hissəsi, bir daha təkrar edirəm, böyük hissəsi Saakaşvilini dəstəkləyirlər. Doğrudur, azərbaycanlıların kompakt yaşadığı müəyyən bölgələrdə seçkinin nəticələri göstərir ki, Gürcü Arzusu qalib gəlib, amma açıq şəkildə sizə deyirəm ki, bu üstünlük saxtakarlıq və təzyiqlər yoluyla əldə edilib”. Bayramov seçki zamanı hökumətin bir sıra provokasiyalara da yol verdiyini təsdiqləyib: "Seçki zamanı müxalifətə qarşı provokasiyalar oldu, amma biz buna getmədik. Onlar tərəfindən bizə qarşı xüsusi "tələlər” hazırlanmışdı ki, buna düşək və daha sonra bizə qarşı ittihamlar səsləndirsinlər. Xoşbəxtlikdən onların planları baş tutmadı. İvanişvili seçkinin ikinci turuna qədər əlindən gələn hər şeyi edəcək ki, bizim elektorat, aktivistlər, liderlərimiz arasına parçalanma salsın. Amma bu, onda alınmayacaq, çünki artıq elə bir zaman yetişib ki, insanlar nəinki hökumətdən üz çeviriblər, hətta cəmiyyətdə onlara qarşı həddən artıq böyük nifrət mövcuddur. İnanmıram ki, belə bir nifrətin qarşısında onlar qələbə qazana bilsinlər. Məncə, prezident seçkisində qələbə hər kəs üçün böyük stimuldur. Çoxları seçkiyə etibar etmirdi və bilirdi ki, səslərini oğurlayacaqlar. Biz elektoratımıza sübut edə bildik ki, onların səslərini qoruya bilərik. Bəzi rayonlarda hökumət seçkinin nəticələrini saxtalaşdıra bildi. Məsələn, mən şəxsən Marneuli və Bolnisi rayonlarında hansı təzyiqlərin və saxtakarlıqların edildiyini bilirəm. İkinci turda bunların hamısını nəzərə alacağıq və qalib gələcəyik”.
Qeyd edək ki, dünən Gürcüstanda prezident seçkisi keçirilib. Seçkinin son nəticələrinə əsasən, ilk yeri hökumətin dəstəklədiyi müstəqil namizəd Salome Zurabişvili 38,61 faiz səslə tutub. İkinci yerdə Zurabişvilidən çox cüzi fərqlə müxalifətin namizədi Qriqol Vaşadze (37,72%) qərarlaşıb. Üçüncü yeri isə Saakaşvilinin keçmiş partiyadaşı, Avropa Gürcüstanı Partiyasının namizədi David Bakradze 10,99% səslə tutub.
Namizədlərdən heç biri 50%-dən çox səs toplamadığı üçün seçkinin ikinci turunun keçirilməsi planlaşdırılıb. Avropa Gürcüstanı ikinci turda müxalifətin namizədini dəstəkləyəcəyini bəyan edib.