Bakı 33° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.9216
  • RUB0.0265
  • NEFT$72.49
^
XƏBƏR LENTİ

Dilimizin yaraları...

13-03-2017, 12:34 Baxış: 778
Dilimizin yaraları...

Məşhur bir məsəlimiz var. Deyir "Allah sən məni dostumdan qoru, düşmənim ilə özüm bacararam”. İndi mən bu məsəli dilimizə aid edərək demək istəyirəm ki, Allah sən bizim dilimizi Rüstəm bəylərdən, Məhəmmədəlilərdən, Səməd Vahidlərdən qoru, farsla, rusla, ərəblə, ingilislə, italyanla, lap elə it yalıyanla biz özümüz gülbaharlarla, qurbanlarla birlikdə bacararıq. Bu yazdıqlarım sizə qəribə gəlməsin. Min illərdi xalqımız dilini necə qoruyubsa indi də eləcə qoruyar, əgər yuxarıda qeyd etdiyim bu qüvvələr dilimizin məhvində sürətləndirici (katalizator) rol oynamasa. Özünü dərk etməyən, yaxud qabığından çıxıb qabığını bəyənmiyən qöz misalı dilimizi kasıb görüb inkişafı başqa dillərdə görən oxumuşların sayı artdıqca, bu oxumuşlar dünyanı gəzib gördükcə, elm və texnikanın inkişafı hesabına dünya kiçildikcə dilimizin ölmə, yox olma təhlükəsi günü-gündən artır. İnanmırsızsa gəlin durumu birlikdə gözdən keçirək.
1. Yuxarıda da qeyd etdiyim kimi dilimizdə cins kateqoriyası olmadığı halda bunu 1920-ci ildə Azərbaycan Xalq Cünhuriyyətini yıxan bolşevik hakimiyyəti Rusiyanın müxtəlif şəhərlərində oxumuşların, Rusiyanın idarəetməni asanlaşdırmaq, assimliyasiyanı sürətləndirmək və milli tamlığımızı pozmaq üçün irəli çəkdiyi, vəzifə yaxud hakimiyyət verdiyi insanların, yaratdığı qurumların  əli ilə həyata keçirdi. Düzdü bu proses hələ çar Rusiyası dövründə başlamışdı. Belə ki, hələ çar Rusiyası onun təəbəliyini qəbul edənlərin soyadlarını və soyad sonluğunu dəyişməyə başlamışdı (bakıxanovlar, axundovlar, mehmandarovlar, şıxlınskilər, naxçıvanskilər, şəkinskilər, şuşinskilər və s.). Ancaq o dövrdə bu proses həm çox zəif getdi, həm də istənilən nəticəni vermədi. Azərbaycanda bolşevik-sovet hakimiyyəti qurulduqdan sonra isə bu proses məcburi xarakter aldı və cox ciddi nəticələr verdi. Amma nədənsə  bugünkü hakimiyyətin millətimizin özünüdərk prosesinə, bağımsızlığımıza və dövlətçiliyimizə çox ciddi zərər verən, maneələr yaradan bu halı aradan qaldırmaq istəyi hələki görünmür.
2. Dilimiz üçün ən acınacaqlı hal dilimizin əsas qanunu olan Ahəng qanununda istisnaların yaradılmasıdır. Mənim bildiyimə görə qanun istisnaları qəbul etməyən bir fəaliyyət halıdır. Bəs belə olduğu halda necə olur dilimizin əsas qanununda istisnalar yaradılır? Bu da yuxarıda qeyd etdiyim kimi, çar Rusiyası dövründə başladılan və bolşevik-sovet hakimiyyəti dövründə tam və qəti şəkildə həyata keçirilən dilimizi məhv və millətimizi asimlə etmə prosesinin əsas və həlledici həlqələrindən biridir. I hərfi və səsi ilə başlayan sözlərin dəyişdirilməsi təkcə dilimizin əsas qanunu olan Ahəng qanununun pozulması deyil, eyni zamanda dilimizin digər türk dillərindən fərqlənməsini təmin etmək üçün də həyata keçirilən bir proqramın tərkib hissəsi idi. Çox qəribədir ki, min illərlə dilimizdə işlədilən ılxı, ışıq, ırmaq, ılğım, ıspanaq, ıldırım, ıslaq (ıslan, ıslanmaq), ılıq, ısmarış, ışartı sözlərini ağına-bozuna baxmadan təhrif edərək dilimzdə istisnalar yaratdılar və biz də buna heç bir müqavimət göstərmədən qəbul etdik. Məsələnin ən acınacaqlı tərəfi odur ki, biz bu gün də bu yanlışı düzəltməyə can atmırıq. Hətta mən yazılarımda bu sözləri olduğu kimi, "ı” hərfi ilə yazdıqda bu mənim yanlışım kimi qəbul edilib düzəldilir.  
3. Dilimizdə eybəcərlik yaradan məsələlərdən biri də alınma sözlərin bəzilərinin dilimizdə dəyişdirilməsi, bəzilərinin isə olduğu kimi qəbul edilməsidir. Məsələn kurrikulum, tyutor, klub və s olduğu kimi saxlanılır, amma feysbuk, kompüter, avro, televizor və s. dəyişdirilir. Bəzi sözlərdə isə hələ də konkretlik yoxdur. Məsələn avroviziya, avrovijn, eurovijn. Bu dil tüccarlları və ya bazarlayıcıları bizi o dərəcədə rahat idarə edir ki, hətta Anadolu türkcəsində səslənən sözlərdə də istədiklərini edir. Baxmayaraq ki, Anadolu türkcəsində bəzi səslər olmadığından sözün tələffüzündə fərq yaradır bu sözləri dilimizə olduğu kimi qəbul edirlər, amma Anadolu türkcəsi ilə Azərbaycan türkcəsində səslənməsində heç bir fərq olmamalı sözləri isə Azərbaycan türkcəsində dəyişdirirlər. Məsələn Tarkan, Erbakan, Tansu, Eminönü sözləri olduğu kimi qəbul edilir. Belə ki, Anadolu türkcəsində x səsi olmadığından və ya q səsindən az istifadə edildiyindən Tarkan, Erbakan kimi səslənir. Amma nədənsə bizim dilimizdə k səsindən bəzi alınma sözlərdə istifadə  olunduğuna və Anadoluda k səsi ilə səslənən sözlərin böyük hissəsinin bizidə q və x səsi ilə tələffüz edilməsinə baxmayaraq (Oktay-Oqtay, tabak-tabaq, Korkut-Qorqud, aşk-eşq, çukur-çuxur, çakmak-çaxmaq və s.) bu sözləri Tarxan, Ərbaxan (Anadoluda Serkan adının bizdə Sərxan olduğunu yada salaq) kimi səsləndirməli olduğumuz halda olduğu kimi Tarkan və Ərbakan kimi səsləndiririk. İşin ən qəribəsi odur ki, Erbakan sözündə k səsini x səsi ilə əvəz etdməiyimiz halda e səsini ə səsi ilə əvəz edirik. Halbu ki, Eminönü sözundə e səsini ə səsi ilə əvəzləmirik. Yaxud bizim dan kimi işlətdiyimiz söz Anadoluda tan kimi işlənir. Məhz ona görə də Tansu, Tantekin deyilir. Biz burda da sözü dilimizdəki kimi yox olduğu kimi qəbul edirik. Halbu ki, Anadoluda çox doğru olaraq istənilən söz Anadolu türkcəsinə və yaxud Türkiyədəki deyim qaydalarına uyğunlaşdırılır. Məsələn Mehmet (Mehemmed yox) Emin Resulzade, Bahtiyar (Baktiyar yox) Vahabzade və s. İşin ən qəribəsi və üzücü olanı isə odur ki, Anadolu türkcəsində deyildiyi kimi qəbul etməli olduğumuz sözlər isə dilimizdə dəyişdirilir. Məsələn Iğdır, Isparta sözlərini olduğu kimi qəbul etməli olduğumuz halda dəyişib İğdır və İsparta deyirik. Burda da bir acınacaqlı hal var. Türkiyənin indiki Baş Nazirinin ad və soyadını olduğu kimi Binəli Yıldırım deyirik, amma məşhur Osmanlı sultanını isə İldırım Bəyazit kimi səsləndiririk. Düşünürəm ki, AMEA-nın Dilçilik İnstitutu ozünü də dilimizi də salınan bu abırsız vəziyyətdən qurtarmaq üçün yubanmadan ciddi işlər görməlidir. Yuxarıda deyiyim vəziyyət Erzurum, Diyarbakır, Kasımpaşa, Aksu və s. sözlərdə də eynidir. 
4. Dilimizi korlayan və dilimizin qayda-qanunlarını pozan digər əsas məsələ önşəkilçi məsələsidir. Belə ki, nə zamansa dilimziə ərəb-fars dillərindən keçən müəyyən sözlər var ki, dilçilərimiz onları dilimizə uyğunlaşdırmaq əvəzinə az qala dilimizi onlara tabe etdiriblər. Çox qəribədir ki, bu hal nə AMEA-nın Dilçilik İnstitutunu, nə Təhsil Nazirliyini, nə Terminalogiya komitəsini, nə də universitetlərimizdə çalışanları heç narahat etmir. Məsələn dediyim bu qurumlar və yaxud dilçi alimlərimiz tərəfindən niyə na ( na-kişi, təmiz, dürüst, xələf, nəcib, taraş, dinc, məhrəm və s.), bəd (bəd-niyyət, əməl, xah, bəxt, nəzər, əsil, nam və s.), bi (bi-abır, qeyrət, namus, şərəf, ixtiyar, vec, tab və s.), anti (anti-sovet, türk, azərbaycan, terror, semitizm, böhran və s.), mono (mono-loq, polya, ton,), pan (pan –türkist, islamist, Amerika və s.) kimi ön şəkilçilərdən imtina edilməsi və bu sözlərin dilimizin qaydalarına uyğun səslənməsi (tələffüzü) üçün ciddi işlər görülmür? Belə çıxır ki, ya bu qurumlar formaldı, işləmir, o zaman bu qurumları büdcəyə yük olmaqdan çıxarıb ləğv etmək lazımdı, ya bu qurumların rəhbərliyi dilimizin talehi ilə maraqlı deyi, o zaman bu qurumlara rəhbərlik edənlər yerində olmadığı üçün və Dövlət dilinə sayğısızlıqdan dolayı vəzifələrindən kənarlaşdırılmalıdır, ya da burda işləyənlərin savadı, bacarığı və ya dil sevgisi (eyni zamanda Dövlət dili olduğu üçün  dilə hörmət və ehtiramı) çatmır ki dilimizin qorunması və inkişafı üçün ciddi iş görsünlər, bu zaman isə yubanmadan dilimizə yararlı olacaq savadlı və bacarıqlı kadrların hazırlanmasını həyata keçirmək lazımdı.
5. Dilimiz üçün yabamçı və qüsurlu məsələlərdən biri də dilimizdə olmayan və yabamçı dillərdən keçən şəkilçilərlə sözlərin yaradılması, yaxud dilimizə daxil olan sözlərin şəkilçilərlə birlikdə qəbul edilməsidir. Məsələn ist (ist-monarx, kapital, avantür, maşın, terror, infeksion, pan-türk, pan- islam, metod, kommun), loq (loq-türko, mono, bio, geo, eko, polito, filo, uro, travmato və s.), izm (izm-kapitali, feodal, Lenin, Marks, pülüral, neolog, bolşev, demokrat və s.) şəkilçisi ilə düzələn sözlər. Repartiyor, mantiyor, sufliyor, dubliyor, partniyor sözləri də bu qəbildən olan sözlərdəndi.  Düşünürəm ki, bu zaman mütləq bəzi sözlərin qarşılığı tapılmalı (məsələn mantiyor-ışıqçı, sufliyor-deyici, dubluyor-əvəzçi, maşınist-sürücü ya sükançı), yuxud yeni sözlər yaradılmalı, bəzi sözlərin isə tələffüzü dilimizin qaydalarına uyğunlaşdırılmalıdı.     
6. Dilimizdə olan bir qrup sözün düzgün işlədilməməsi  dilimizin korlanmasında və qaydaların pozulmasında çox ciddi rol oynamaqla yanaşı yeni nəsillərin də bu sözləri yanlış tələffüz etməsinə səbəb olur. Məsələn xoşbəxt-lik sözünü xoşbəxt-çilik, bədbəxtlik (bu sözdə "bəd”  ön şəkilçisini yuxarıda demişəm) sözünü bədbəxt-çilik (bəxt-siz-lik), rahat-lıq söxünü rahat-çılıq (yaxud na-rahat-lıq sözünü na-rahat-çılıq, rahat-sız-lıq), sakit-lik sözünü sakit-çilik, nigaran-lıq sözünü nigaran-çılıq, baha-lıq sözünü baha-çılıq və s. kimi işlədilməsi, yaxud da müğənni və xanəndələrimizin oxuyarkən nədənsə bəzi sözləri yanlış tələffüz etməsi dilimizi korlayır. Məsələn müğənni və xanındələrin əksəri "olaydı” sözünü "oleydi” kimi tələffüz edir və ya 
Evləri var xanə-xanə,
Mən kül oldum, ay aman, yanə-yanə.
yaxud ünlü və mənim də çox sevdiyim bir xanındə oxuyur:
Sənə qurban olum, Təbrizin yoli.
Gedənlər boş gəlir, gələnlər doli.
Qız sinən üstə ey yasəmən koli,
Dərsəm öldürəllər, dərməsəm ölləm.
Bəziləri deyə bilər ki, əşi bunun nə dəxli var, yaxud işləri-gücləri qurtarıb indi də müğənnilərdə, xanəndələrdə səhv tutmağa başlayıblar. Bizi belə məsələlərdə günahlandıranlar çox ola bilər. Bu insanlara iki məsələni demək istiyirəm. 
a. Dil o dilə mənsub olan hər bir fərddən daha üstün və dəyərlidir. Yəni dili hansısa nüfuzlu müğənniyə, xanəndiyə, rəssama, şairə, nazirə və ya alimə qurban vermək olmaz, amma dilin qorunmsı və inkişafı üçün dili korlayan, hörmətdən salan, dilin qaydalarını pozan istənilən nüfuzlu insanı qınamaq da olar, ehtiyac yaranarsa o insandan  imtina etmək də. Çünki bu dilə mənsub millət, bu dilin daşıyıcıları arasından yenə elə nüfuzlu insanları yetirər, ancaq məhv olmuş, korlanmış, qaydaları pozulmuş dili yenidən bərpa etmək, sağlam milli təfəkkür yaradacaq səviyyəyə qaldırmaq çətin olur, necə ki, indi biz bu halı yaşayırıq. 
b. Bu insanların nəyinsə xatirinə sözləri yanlış tələffüz etməsi, yaxud təhrif etməsi dilimizin ahəng qanununu pozur ki, bu gün bu təhriflərin və yanlış tələffüzlərin acısını ”ı” hərfi ilə başlayan sözlərimizdə və bəzi sözlərin digər türk dillərində olan eyni sözlərdən deyiliş və yazılış fərqində yaşayırıq.
7. Artıq bir qrup sözlər var ki, onlar dilimizə yerləşmək və dilimizdə qarşılığı olan sözləri sıxışdırıb çıxarmaq üzrədir. Həşdat-səksən, bahəm-birlikdə (qarşılıqlı, səninlə), no-ancaq, uje-artıq, okey-oldu (baş üstə), yes-oldu (baş üstə), layk-bəyəni, status-fikir, somment-yorum, esse-hekayə, sumka-çanta, ruçka-qələm, yeşik-qutu, butulka-şüşə, meşok-kisə, qreçko-qarabaşaq, setka-tor, balkon-eyvan, lisenziya-icazə, papa-ata, mama-ana, petruşka-cəfəri, peç-soba, pesok-şəkər tozu, vosmoy-səkkizinci (mikrorayon və km bazarı), bravo-afərin (maşallah),ostonovka-dayanacaq sözlərini, bədənimizin bir çox  orqanları ilə bağlı yabançı sözlər dilimizdə qarşılığı olan sözləri tam sıradan çıxarmaq ərəfəsindədir.  Bu sözlər bilmirəm savadsızlıqdanmı, məsuliyyətsizlikdənmi demək olar ki, hökumət və parlament üzvlərindən tutmuş ədəbiyyat və mədəniyyət adamlarına qədər əhalinin bütün təbəqələrinin leksikonuna yerləşib. Nu, turnir, rozetka, perenoska, patron, sillabus, kurrikulum, tyutor , kollokvum, transfer, brend, marka, sertifikat, moderator, pasient, patron, mol, market, reket, piket, parket, planşet, maniken, alternativ, matç, penalti, kartric, tranzit, korrupsiya, monopolya, perespektiv, rakurs,  pritenziya, aranjeman, solist, ekskluziv, menecer, marketinq,treyninq və s. onlarla söz isə dilimizə tam yerləşmiş haldadır.