Bakı 10° C Temperatur

76

4m/s

  • USD1.7000
  • EUR1.8828
  • RUB0.0265
  • NEFT$62.51
^
XƏBƏR LENTİ

Vətən çiçəyi-Xarı Bülbül

15-06-2016, 20:25 Baxış: 732
Vətən çiçəyi-Xarı Bülbül 
İyun ayının 11-i, saat 11:00 də, Azərbaycan Milli İncəsənət Muzeyində keçirilən "Xarı Bülbül" adlı xeyriyə tədbirinə dəvət almışdım. Burada Lisey şagirdlərinin əl işləri nümayiş etdiriləcək və satılacaq əsərlərdən əldə edilən vəsait xeyriyə işinə sərf olunacaqdı. Tədbirin təşkilatçısı olan Kaspi Liseyinə uzun zamandan bəri tanıdığım və dərin hörmət bəslədiyim, gözəl lirik və yurd sevgisiylə dolu şeirlərin müəllifi, sözün gerçək mənasında AYDIN bir xanım, qayğıkeş Ana olan Sona Vəliyeva rəhbərlik edir. 
Tədbirin adı diqqətimi çəkmişdı. Düşünmüşdüm ki, yəqin çəkilən əsərlərdən birinin adı "Xarı Bulbul”dür, ad da buna görə seçilib.
Tədbir lisey öyrəncilərinin hazırladığı kompazisiyayla başladı. Əvvəlcə savaş səhnəsi göstərilir. Qara paltarlı bir qız, başında Xarı Bülbüllü bir tac, savaş sırasında iki savaşçının qılıncı altında əsirdir. Sonra söylənən seirlərin fonunda başına Sülh göyərçinlərinin rəmzi ilə bəzənmiş tac qoymuş başqa bir qızın: "Biz Sülh istəyirik"- hayqırışı eşidilir və davam edən şavaş səhnəsindən sonra başına Xarı Bulbullu tac qoymuş əsir qız azad edilir. 
Qaralar bağlamış, Xarı Bülbülü başına tac eyləmiş qız əsirlikdə olan vətən torpağının, Qarabağın rəmziydi və gənclər onu azad etmək üçün savaşa hazır olduqlarını nümayiş etdirirdilər. Çox duyğulanmışdiq. 20 dəqiqəlik bir tamaşada əslində bir Vətən dastanı vardı. Sonra Sona Vəliyeva çıxış elədi, onun da səsi titriyirdi, qəhərlənmişdi, hamımız kimi. Mən onu dinləyə-dinləyə beynimdə Sona xanım haqqında çoxdan yazmaq istədiyim fikirlər dolaşırdı. Qismət bu günə imiş, bəlkə bu yazının da təməlində əsir düşən Xarı Bülbülün hekayəsi durmalıymış, bilmirəm. "Kaspi”məktəbinin şagirdlərinin hazırladığı vətən nisgilli bu tamaşa da, onların nümayiş etdirdiyi rəsim əsərlərindəki mili kolorit, torpaq, vətən ətirli əl işləri də məni heç təəccübləndirmədi. Bilirsiniz niyə? Çünki Sona xanımın şair ruhunun hansı böyük ideallara, hansı gözəl duygulara kökləndiyini yaxşı bilirəm. Onun yetirməsi olan şagirdlər başqa cür ola bilməzlər! Millətin dərdli çağında vecsiz əhvalla oynayan qızlara baxın O nə deyir:

Özgə havalara əriyən gözəl, 
Yağmalanan elin dərdi kimindir?
Yanlışlıq ilmədə gözəldir,gözəl, 
Bu səhvin ömürlük tale qəmindir. 
Yox,yox, oynamağı ayıb bilmirəm, 
Susqun toy evini yas yeri bildim, 
Sən elə oynadın,üzündə sənin, 
Bir bala dağına,yurd itgisinə 
Havalanıb süzən bir ana gördüm. 
Oynayan sən idin, yozan mən idim, 
Dedim havalanıb, qəmdən oynayır. 
Gedib Qarabağı, ölüb sevgisi, 
Qəmindən süzülən dəmdən oynayır. 
Nəvəsi deyilsən Burla Xatunun, 
Qanında bir özgə qan yaşar sənin. 
Bir Oğuz gözəli, Oğuz anası, 
Dərdinə oynamaz bu məmləkətin. 
İlahi, xalqımın dərdi ümmandı, 
Damla günahları sən bizə yazma. 
Torpaq itgisini, yurd itgisini, 
Çadır həyatının tale yükünü, 
Arsız oynamağın üzünə yozma.
Şairin ixtisrla verdiyim bu şeirinin yansımasını görürdüm lesey öyrəncilərinin tamaşasında. Mənim niyyətim Sona xanımın yaradıcılığını bütövlüklə təhlil etmək deyil sadəcə bəzi düşüncələrimi paylaşıram. İllərdir Azərbaycan məktəblərində görmək istədiyim vətənpərvərlik ruhunu görmüş və sevinmişdim ki, Sona xanımın sözüylə desək, "Azərbaycan təhsilinin bir qismi əmin əllərdədir”. Bu "əmin əllərə" çox etiyacı var yurdumuzun, elimizin. Darda olan vətən torpağının azad edilməsi üçün başlanan savaşda biz Vətən sevgisinin gücünü görmüşük.
Vətəni gənclərimizə sevdirmək çox önəmlidir! Torpaq o zaman azad olur ki, onu azad etmək arzusu olsun, o istəyi isə milli məfkurəsi olanlar aşılıya bilərlər, tarix şüuru və milli fəlsəfəsi olmayanların rəhbərlik etdiyi məktəblərdə bu cür vətən sevdalıları yetişdirdirilə bilərmi? Mümkün deyil!
Sona xanımın illər öncə oğluna yazdığı bir şeirdəki nəsihətə baxın:
Dili şirin nağılım, noğulum, 
Oğuz soylu Xan oğlum. 
Adının mənasını boyundan yuxarı tutmağı öyrən. 
Əqidəsindən bir misra enməyən Nəsimi kimi, 
Dilinin,torpağının şahı Xətai kimi, 
Dərbənddən Zəncana sərhəd dedi 
O dünyada ərən kimi, ər kimi, 
Həyat tarix, hünər də mülk, söz də mülk. 
Əbədidir, qalandır. 
Azadlığı zərrə-zərrə, qıram-qıram istəmədi Ulutürk,
Sən düşmən çəpərim,Vətən sərhəddim. 
Əlincə qalası-Vətən balası, Şamxal balam.
Bir oğul anasının övladına vereceyi gözəl bir Vətən dərsidir bu şeir. Vətənin sərhədləriylə yanaşı şərəfli tarixinin dərin qatlarındakı qəhramanlıq səhifələrini açaraq, tarix yazan Türk kişilərini oğluna tanıdır, nəsihət verir, Burla xatun, Hayimə ana misali. İndi bu şeir yeni, daha geniş məna qazanır; bu şeirlə müəllif tək öz oğluna yox bütün yetirmələrinə, gənc nəslə müraciət edir. Bu gün Sona xanım öz övladlarına verdiyi Vətən dərsini bütün lisey öyrəncilərinə verir.
"Şahlar şahıdır"-ulu Savalan, Şaha diləyə gəlmişəm," deyərək haray çəkən şairin misraları yada düşür:
İçim də, çölüm də qəm tarixidir,
Dərbənd bağlı qapım, Təbriz lal anam.
Şuşa baş örtüyün, sürüşüb düşüb, 
Şahın hüzurunda necə dayanım?..
Təbrizi lal anamız, Şuşanı başımızdan sürüşərək düşən örpəyimiz kimi simvollaşdırılıb, Qarabağı millətin Namus məsələsidir sayır. Bu, başına qara bağlayan bir ananın vətən nisgilidir.

Vətənin başına dönərək, ona gələn xata- balanı öz üzərinə götürmək istəyən bir Yurd sevdalısının köksünden qopub bu misralar. Mən onu gördüm, tanıdım və onun vətən dərslərinə vuruldum. Onun şeirlərində bu vətən dərslərinə həm də zərif bir ana şəfqəti, övladlarımızın ruhunu gözəlliklərə kökləyən bir müəllim qaygısı var.
Gözü yaşlı Şəhid övladına "Ağlama, Şəhid Balası"- atanın qoruduğu torpaqdan çinar kimi sən ucalacaqsan", deyərək onun yarasına məlhəm olmağa çalışır. 
Sağlığın,varlığın dəyər ölçüsü 
Vətən sərhədidir,Vətən bayrağı. 
Uğrunda ölməyi bacarmadıqca 
Torpaq unudacaq Vətən olmağı.
Bir də dərdli Qaragilə şeri var: Dili susqun, yolu kəsilən, göz yaşı sel olan, Eşqi dillərə dastan olan, ayrılıqlara usyan eden, bir millətin ikiyə bölünmüş, yaralı Ürəyi Qaragilə. 
Bir də Bağdadan Kərkükə, Fizulinin didərgin ruhuna Ümid aparan Durnalar var ... 
Hər şerində Vətənin sərhədləri var, o sərhədləri yaradanların öyküsü var. Yurd tutanların tənəli baxışlarından doğan acıları, zamanı sözün qüdrətiylə imtahan etmiş, əslində özünü də sınağa çəkmiş, Vətən dərslərındən nəticə alaraq, gələcəyimiz olan övladlarımıza yansıtmışdır.
Bax mən bunun üçün təəcüblənməmişdim, çünki təpədən dırnağa Vətən sevgisinə bürünmüş bir Ruha sahib Ziyalının rəhbərlik etdiyi məktəbin öyrənciləri başqa cür ola bilməzlər!
Mən şairə Sona Vəliyevanı çox sevdim, içimdə minnətdarlıqla yanaşı başqa bir hiss də vardi, adını qoya bilmədiyim bir hiss... O, məktəblərimizlə, gənclərimizin tərbiyəsiylə bağlı qaygılarlmı azaltmış, ürəyimi qürurla, sevinclə doldurmuşdu. 
Bəlkə də gələcəyə ümidim artmışdı...