Bakı 10° C Temperatur

76

4m/s

  • USD1.7000
  • EUR1.8828
  • RUB0.0265
  • NEFT$62.51
^
XƏBƏR LENTİ

Bunu Rəşad Məcid, Aqil Abbas deyirdi...

28-06-2016, 17:26 Baxış: 443

 Bunu Rəşad Məcid, Aqil Abbas deyirdi...

Asəf Quliyev 


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinə məktub göndərdi. Bu məktubda nə yazılması təbii ki, önəmlidir, amma hərənin öz interpretasiyası da var. Məsələn, Rusiya KİV-ləri birmənalı Türkiyə prezidentinin üzr istədiyini yazıb. Türkiyə mediasını qoyuram bir qırağa, bizim ictimai fəal insanlarımız sosial mediada prezident Ərdoğanın məktubunun sanki  "əcəb eləmişəm” notları üzərində yazıldığını bildirirdilər.

Əslində, hər iki yanaşmada zərərli məqamlar var. Amma fakt göz qabağındadır.

Birincisi - məktubu Türkiyə prezidenti yazıb.

İkincisi – Türkiyə prezidenti üzr istəyib – pilotun ailəsindən olsa belə.

Üçüncüsü – bundan sonra Türkiyənin baş naziri dəymiş zərərin ödənilməsindən danışıb.

Elə Rusiya da ilk gündən bunu tələb edirdi ki, Türkiyə üzr istəməli, dəymiş zərəri ödəməlidir.  Amma Türkiyə bunu etmədi və türk millətçiləri "rus kimdir ki, ondan üzr istənilsin” kimi ritorik suallar verməyə başladı. Türkiyənin təyyarəni "yaxşı edib” vurduğunu deyənlər bu fikirdə olmayanları "türkçülüyün xaini”də adlandırırdı.

Bəs bütün bunlardan sonra nə baş verdi?

Əvvəla ondan başlayaq ki, Türkiyə Suriya sərhədində təyyarəni vurmaqda düz olmayan addım atmışdı. Çünki bu, həm iki dövlət arasında mövcud soyuqluğu yaratdı, həm də bölgədəki türkmənlərə qarşı Rusiyanı daha da aqressiv olmağa təhrik etdi.

İkincisi - təyyarə insidentində əsas maraqları təmin olunan tərəf NATO və alyansın əsas söz sahibi olan ABŞ idi. Amma nəticə istənilən kimi olmadı. Rusiya Türkiyəyə qarşı daha genişmiqyaslı provokasiyalardan çəkindi. ABŞ Rusiya-Türkiyə qarşıdurmasına nail ola bilmədi. Türkiyə də bu istəyi anladı, amma artıq gec idi.

Üçüncüsü -Türkiyə yaranmış beynəlxalq situasiyanı nəzərə alaraq düzgün qərar verdi. Türkiyə prezidenti Rusiya prezidentinə məktub göndərdi. Bu məktubun necə qiymətləndirilməsindən asılı olmayaraq, fakt artıq ortadadır.  Türkiyə prezidenti üzr istəyib – pilotun ailəsindən olsa belə. Amma bunu ilk gündən də etmək olardı. Necə ki, bunu Rəşad Məcid, Aqil Abbas deyirdi.

Həmin vaxt Aqil Abbas da, Rəşad Məcid də sanki vətənə xəyanat etmiş kimi təqdim olunurdu. Və ümumiyyətlə, bu mövqedə olanların hamısı satqın hesab olunurdu. Doğrudur, müxtəlif məsələlərlə bağlı Aqil Abbasla fikir müxtəlifliyimiz və hətta mübahisələrimiz də olub. Amma bu məsələdə Aqil Abbas da, Rəşad Məcid də yüz faiz düz mövqe tuturdu. Bəli, Türkiyə düz olmayan addım atmışdı və bunun bədəlini ödəməliydi.

Rusiya qarşısında Türkiyənin heç zaman əyilməyəcəyini söyləyənlərin dediklərini eşidəndə isə yadıma bizim bəzi "vətənpərvər” şairlərimizin pafosla dediyi "bir qarış torpağı düşmənə vermərik” misrası düşdü. Nəzərə alaq ki, 24 ildir, 20 faiz torpağımızı itirmişik.

Nə isə qayıdaq Ərdoğanın məktubuna.

Bu üzrxahlıq məktubunu o vaxt yazmaq olmazdımı?

Olardı, amma Ərdoğan hakimiyyətinin taleyini düşünürdü, nəinki Türkiyəni. Bu olaydan sonra baş verənləri nəzərdən keçirin ki, Türkiyədə hansı proseslər baş verdi. Və bu proseslər sona çatdı, Türkiyə artıq doğrudan da, çətin dövrlərindən birini yaşayır. Bəlkə bunun da günahı Aqil Abbasdadır? Di söyün Aqil Abbası.../hafta.az/