Bakı 30° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,9163
  • RUB0,0240
  • NEFT$42.89
^
XƏBƏR LENTİ

Qarabağ münaqişəsinin “açarı” uğrunda mübarizə

30-06-2016, 15:39 Baxış: 501

Qarabağ münaqişəsinin “açarı” uğrunda mübarizə

Əvəz HƏSƏNOV


Bizim millətimizdə bir fikir özünə əməlli-başlı kök salıb: "Qarabağ münaqişəsinin həllinin açarı Kremldədir”.

Bunu sadə Azərbaycanlıdan tutmuş, təcrübəi deputat və politoloqa qədər hamı təkrarlayır. Faktiki olaraq Rusiyanın məcburi trendini dolayısı olaraq hamı təsdiqləyir və onun cəmiyyət tərəfindən həzm olunması da qaçılmaz olub.

Fikirləşməyin ki, mən bu formulanın dəyişdiyini izah etməyə çalışacam. Əsla!

Sadəcə, son 3 ayda baş verənlərə diqqət yetirək. Bəlkə bizə formulanın gələcəkdə dəyişmək şansının olacağını görmək nəsib oldu.

Son 15 ildə ilk dəfədir ki, Almaniyanın ATƏT-də sədrlik növbəsi gəlib çatdı. ATƏT-də sədrliyə "dialoqun bərpası, inamım qaytarılması və təhlükəsizliyin bərpası” lozunqu ilə başlayan Almaniya 2016-cı ilin Aprel hadisələrindən sonra dərhal Azərbaycan və Ermənistan prezidentlərini Vyanaya dəvət edərək münaqişənin həllində danışıqları intensivləşdirməyə maraqlı olduğunu göstərdi.

Eyni zamanda növbəti görüşün anonsu verildi. Real addımlar atılması üçün tərəflərə öhdəliklər götürülməsi barədə də danışıldı. Son 1 ay ərzində cəbhə xəttində atəşkəs də müəyyən qədər səngiyib. Cəbhədə ara-sıra atəşkəsin pozuntusu elan olunsa da ölüm hallarının qarşısı alınıb.

Almaniya faktiki olaraq irəliləyiş üçün tərəflərə yardım edə biləcəyini sübuta yetirə bilir. Növbə çatdı Rusiayaya. Putin də faktiki olaraq təkbaşına qərar verməkdə maraqlı olduğunu göstərmək üçün hər iki prezidentləri Sankt-Peterburqa dəvət edir, təxmini eyni nəticələr ilə görüş keçirir. Prezidentlər yenidən ölkəyə qayıdır və cəbhədə sakitlik saxlanılır.

Almaniyanın sadəcə Vyana görüşü ilə sakitləşəcəyi inandırıcı deyil. Onun ATƏT-də sədrlik edəcəyi vaxt uzun müddətli deyldir. Almaniya Avropa Birliyi ölkələrindən fərqli olaraq Rusiya ilə münasibətlərin bərpasında maraqlı tərəfdir. Rusiyanın yenidən Avropa məkanına qayıtmasında da əhəmiyyətli rol oynaya biləcək bir ölkədir. Deməli, Rusiya ilə "bazarlıq” etməyə şans var. Bu "bazarlığın” bir mövzusu da Dağlıq Qarabağ münaqişəsində ən azından cüzi irəliləyişin əldə olunmasına nail olmaq ola bilər. Nəzərə almaq lazımdır ki, cüzi irəliləyiş sülh danışıqlarına təkan vermək üçün atılan addımlardır və bu münaqişənin həllində baza prinisplərə toxunmadığından Azərbaycanın maraqları daxilindədir.

Bu gün ATƏT-in Fəaliyyətdə olan sədri, Almaniya Federativ Respublikasının xarici işlər naziri Frank-Valter Ştaynmayer Azərbaycana səfərə gəlir, ölkə rəsmiləri və vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşəcəkdir.

Cənab nazirin səfərini şərh edərkən Rusiyanın ATƏT-dəki nümayəndəsi Aleksandr Lukaşeviçin" "Qarabağ münaqişəsinin həllinin açarı Almaniyada deyil Kremldədir” deməsi bir daha göstərir ki, Rusiyada da "açar”la bağlı ciddi narahatçılıq vardır. Münaqişə tərəflərinə vasitəçilərin bu mübarizəsi nəticəsiz ötüşməyəcək.

Müəyyən irliləyiş qaçılmazdır. Bundan kim necə istifadə edəcək zaman göstərəcək. Xüsusən də, Ermənistandan fərqli olaraq münaqişədə irəliləyiş olmasına maraqlı olan Azərbaycan belə hallardan düzgün istifadə etməyi bacarmalıdır.