Bakı 23° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8753
  • RUB0.0264
  • NEFT$58.99
^
XƏBƏR LENTİ

Amerikan müstəsnalığı və missiyası

30-09-2019, 17:52 Baxış: 26
Amerikan müstəsnalığı və missiyası
İkinci Dünya müharibəsindən indiyədək demokratik yolla seçilmiş əllidən artıq hökuməti devirməyə cəhd etmiş və əllidən artıq rəhbərə sui-qəsd təşkil etmiş, otuzdan artıq xalqın üzərinə bombalar yağdırmış və iyirmidən artıq xalq hərəkatının qarşısını almış bir ölkənin daşıdığı müstəsna status və missiyanı o xalqın öz baxış perspektivində, əsaslandığı ideyalar işığında qısaca nəzərdən keçirmək bu məqalənin əsas məqsədidir.
Perri Anderson "Amerikanın xarici siyasəti və onun mütəfəkkirləri" ("American Foreign Policy and its Thinkers") adlı kitabında amerikan müstəsnalığının zəruriliyini onun xarici siyasətinin əsas xəttini təşkil edən kapitalizmin davamlılığının təmin olunması, bu mənada bazar iqtisadiyyatının dünya miqyasında yayılması ilə əsaslandırır. Andersona görə, Amerikada iqtidarda olan qruplar, yaxud şəxslər dəyişə bilər, lakin kapitalist maraqları güdən əsas məqsəd əsla dəyişmir. XX əsr üçün aktual olan bu əsaslandırma ilə yanaşı, amerikan müstəsnalığının onun bir dövlət olaraq yaranma tarixinə doğru uzanan dərin kökləri mövcuddur. Belə ki, müstəsnalığın və buna bağlı missiyanın dərki tarixi, etnik və kultural zəmində ortaqlıqdan daha çox ideoloji müstəvidə cəmləşən amerikan xalqının formalaşması tarixi çərçivəsində mümkündür. Amerikanın dövlət qurucuları milli və dini xüsusiyyətləri əhatə edən və onların üzərində dayanan bir ideala ehtiyac olduğunun fərqində idilər. Bunun aşağıdakı müxtəlif səbəbləri ilə yanaşı, ilkin dövrdə Amerikan kimliyinin ağ dərili, anqlo-sakson və protestant olaraq müəyyən edilməsinə baxmayaraq, ölkəyə axın edən fərqli mədəniyyətlərə mənsub miqrantlar baxımından milli birliyin etnik-mədəni zəmində qurulması qeyri-mümkün idi. Aleksis de Tokvilin "Amerikada demokratiya" ("Democracy in America") kitabında ifadə etdiyi amerikan müstəsnalığı, Amerikanın tarixi təşəkkül, milli ruh, siyasi struktur və dini üstünlük zəminində əvəzedilməzliyinə olan inancın ifadəsidir. Amerikan missiyası isə bu xalqın Tanrının təmsilçisi olaraq daim zəfərlə müjdələnmiş olduğuna istinad edir. Bu inanc və ideya bu gün də aktuallığını qoruyur. Belə ki, müxtəlif ölkələrə qarşı hücumlara, bunun nəticəsində yaranan itkilərə baxmayaraq amerikan xalqında öz dövlətinin xoş niyyətinə dair dərin bir inanc var. Amerikan xalqı liderlərinin hər nə qədər səhv addım ataraq böyük zərərlərə yol açsa da, daşıdıqları missiyanın şərəfli və uca olması barədə həmrəydir. Bu mənada dünya xalqlarının Amerikanın xoşməramlılığını və fədakarlığını görə bilməməsi amerikalılar üçün həqiqətən təəccüb doğurur. Amerikan təhsilindən dini inancına qədər bütün ideoloji sahələrdə inşa olunan reallıq Amerikalıların hər zaman dünya üçün bir qurtuluş ordusu olmasıdır. Amerika tarixən müxtəlif çətinliklərdən, xəstəliklərdən, yoxsulluqdan əziyyət çəkən zəif ölkələrə xeyir paylamışdır. Amerika hər zaman qarşılıq gözləmədən vermiş, hər daim yüksək ideallarla davranmışdır... Dövlətin quruculuq illərinə geri dönsək, bu "qurucu babalar” yeni dünyanı İsa Məsih adına fəth etmək üçün yola çıxmış dindar puritanlar idilər. Tanrının seçilmiş bəndələri olan bu "yeni İsrail oğulları” köhnə dünyadan yeni dünyaya doğru okeanı aşarkən, İsrail oğullarının bir vaxtlar Qırmızı dənizi yarıb keçməsi ilə aralarında mənəvi bənzərlik qurmuş, özlərini eyni missiyanın daşıyıcıları olaraq görmüşdülər. Bu mənada amerikan xalqı üçün C.Vaşinqton kimi dövlət qurucuları Musa peyğəmbərin bir zamanlar yəhudilərə etdiyi kimi, amerikalıları ingilis müstəmləkəçiliyindən qurtarıb vəd edilmiş torpaqlara götürən seçilmiş şəxslər idi. Bu baxımdan yəhudi-xristian mifologiya və ənənələri istər dövlət quruculuğu illərində, istərsə də sonrakı dövrdə ideoloji istinad mənbəyi olmuşdur. Köhnə dünyanın təhrif olunmuş, zor gücü ilə idarə olunan azğın cəmiyyətlərindən qaçan bu puritanlar yeni dünyanı İsa Məsihin əxlaqi məqsədlərinə uyğun hazırlamaq üçün fəth edirdilər. Puritanların Amerikaya yerləşməsi mövcud tarixin sonu və uzun zamandır gözlənilən "qızıl çağ"ın ("golden age") başlanğıcı, köhnə arzuların və gələcək imkanların nəhayət birləşməsi demək idi. Köhnə dünyadan tarixi qopmanın ən bariz simvolikası isə amerikan inqilabı oldu. Yeni dünyada milli birliyi dini zəmində quran və onu metafizik aləmin müqəddəsliyi ilə taclandıran böyük teoloq və fikir adamlarından biri, bəlkə də, birincisi C.Edvards idi. Onun kimi ideoloqların sayəsində puritanizm amerikan milli kimliyinin əsas sütunlarından biri kimi formalaşdı. Bu ideyalar amerikalıların milli hisslərini dini bir dillə ifadə etməsinə, siyasi istək və iradələri ilə dini inancları arasında sıx əlaqə qurulmasına yol açırdı. Bu da öz növbəsində Amerikanın digər torpaqları fəthetmə siyasətini Tanrının planının bir parçası, İsa Məsihin əxlaqi məqsədlərinin yayılması kimi legitimləşdirir və bu, Amerika xalqının ən təbii haqqı olaraq təqdim olunurdu. Amerikan müstəsnalığı artıq Tanrı hakimiyyətinin köhnə dünyada olduğu kimi hər hansı kralın əlində cəmləşməsinə razı olmadan, hər bir amerikalını bu hakimiyyətin təmsilçisi statusuna yüksəltməkdir. Bu baxımdan hər bir amerikalı bu ilahi missiyanın daşıyıcısı olaraq digər insanlardan üstün müstəsna keyfiyyətlərə malikdir. Bunun arxalandığı tarixi dəlillər də az deyil. Belə ki, bu xalq siyasi iqtidarı məhdudlaşdıraraq ifadə azadlığına, xüsusi mülkiyyət və qanun qarşısında bərabərliyə təminat verən, "Biz Amerika xalqı olaraq...” sözləri ilə başlayan ilk Konstitusiyanın sahibidir. Konstitusiya ölkədə qanuni yollarla yaşayan hər kəsi amerikalı olaraq qəbul edir. Beləliklə, XVIII əsrin sonlarına doğru dini simvolika və ideyalarla Amerika xalqının digər xalqlarla müqayisədə fərqli, üstün, seçilmiş olduğu inancının möhkəmlənməsi, amerikan müstəsnalığının təməllərini atmışdır. Lakin burada üzərində durmalı olduğumuz bir məqam amerikan müstəsnalığı və amerikan ruhunun ölkənin siyasi həyatında da izləri görünən fərqliliyidir. Avropa dəyərlərinin daşıyıcısı olaraq amerikan ruhunun davamçıları köhnə dünyadan ciddi bir qopmanı nəzərdə tutan Amerikan müstəsnalığı fikrindən ayrılırlar. Onlar Amerikanın tarixdə ilk dəfə olaraq fərqli mədəniyyətləri vahid siyasi müstəvidə cəmləşdirməsi reallığında amerikan müstəsnalığının tərəfdarları ilə həmfikir olsalar da, mövcud dəyərlərin Avropa intibahının, xüsusən də İngiltərə tarixi mirasının davamı olması baxımından fərqli düşüncədədirlər. Müstəsnalığı müdafiə edənlər isə İngiltərə mirasının mərkəzi rolunu qəti şəkildə qəbul etmədən, yeni dünyanın köhnə dünyadan bir qopuqluğu simvolizə etdiyinə inanırlar. Bu yanaşmaların Amerikan siyasi həyatındaki izləri sivil və etnik-dini milliyyətçilik formasında özünü göstərir. Belə ki, amerikan ruhuna, liberal dəyərlərə bağlı sivil milliyyətçilik siyasi həyatın ənənəvi ünsürü olarkən, böhran-müharibə kimi fövqəladə vəziyyətlər etnik-dini milliyyətçiliyi önə çıxarır və Amerikanın digər ölkələrlə sağlam müstəvidə münasibətlər qurması çətinləşir. Amerikan müstəsnalığı Amerika xalqının üstünlüyünü, bu mənada digər coğrafiyalardan təcrid olunmasını nəzərdə tutduğu halda, Amerika missiyası xarici siyasətdə tamamilə əks bir mövqeyə yol açır. Başqa sözlə desək, hər nə qədər ziddiyyətli görünsə də, müstəsnalıq xarici siyasəti imperial vizyonlarla şəkilləndirir. Belə ki, Amerika öz daxilində fərqliliklərə qarşı təmkinli davransa da, xarici siyasi mövqeyində eyni məntiqə əsaslanmır. Daxili siyasətdə yeni dünyaya məxsus liberal dəyərlərin ucaldılmasına baxmayaraq, xarici missiyasını köhnə dünyaya xas üsullarla həyata keçirir. Hər hansı ölkənin tarixi keçmişi ilə ortaq bir bağ qurmadan, öz quruluşunu və genişləmə siyasətini yeni bir tarixin başlanğıcı olaraq qəbul edir. Müstəsna tarixi rol və imperial vizyonlarla şəkillənmiş amerikan missiyası nəhayət amerikalılığın, amerikan maraqların ümumbəşəriləşməsini hədəfləyir... Xarici siyasətdə "Monro doktrinası" ilə Amerikanın rəsmi və qeyri-rəsmi sərhədlərinin gündəmə gəlməsi, Vilson, eləcə də Ruzvelt dövründə müraciət olunan şər ritorikası ölkəni böhran-müharibə vəziyyətlərində bir arada tutmağa hesablanmışdı. Eyni zamanda Birinci Dünya müharibəsindən sonra Vilsonun adını daşıyan yanaşma ilə şərin yayılmasının qarşısının alınmasına çalışılmışdı. Truman tərəfindən dünyanın Şərq yarımkürəsinin də Qərb yarımkürə kimi şərdən təmizlənməsi zərurəti dilə gətirilərkən Xirosima və Naqasakiyə atılan bombalar bu təmizliyin ən bariz nümunələri olub. Amerikanın İkinci Dünya müharibəsindən sonrakı missiyası dünyada kapitalizmin təhlükəsizliyini təmin etmək idi və Vilsonçu yanaşma çərçivəsində gündəmə gələn BMT-nin qurulması, Bretton-Vuds müqavilələri bu missiyanın tərkib hissəsi idi. Lakin ilahi missiyanın təmsilçisi olaraq Amerikanın bu sahədə qarşılaşdığı ən böyük maneə "Tanrısız tiranlıq” rejimi idi. Bu mənada uzun illər davam edən "soyuq müharibə" dövrü Amerikan xalqı üçün xeyirin şər üzərində mübarizəsini simvolizə edirdi. Nəhayət, şərin məğlubiyyəti ilə dünyada başlayan yeni dövr Amerikanın tək və üstün güc olaraq müharibədən sonrakı təxirə salınmış missiyasına geri dönməyə imkan yaratdı. Vilsonun izi ilə gedən liderlər tərəfindən demokratiyanın və bazar iqtisadiyyatının genişləndirilməsi, bu mənada kapitalizmin yeni coğrafiyalara yayılması Amerikanın milli maraqlarının qorunmasına istiqamətləndi. Klinton hökumətində islami fundamentalizmə qarşı dünyanın müxtəlif yerlərindəki xristian birliklərin din-vicdan azadlığının təmini əsas xətti təşkil edirdi. Xristian dəyərlərə olan vurğunun Buş hökuməti dövründəki daha qabarıq ifadəsi puritanlığın davamı olan yevangelizmin zirvə nöqtəsi idi. 11 sentyabr hadisələri ilə qədəm qoyulan dövr isə bunun ən şiddətli nümunələrini ortaya çıxardı. Amerikalılar üçün bu hadisə özündə sadəcə bir terror hücumunu deyil, Amerikaya qarşı metafizik bir təcavüzü ehtiva edirdi. Bununla da ultrasağ dindarlar bu hadisə müqabilində Amerikanın qarşılaşdığı "ilahi cəzanı” sekulyar, liberal və kosmopolit dəyərlərin mənimsənilməsi ilə əsaslandırırdılar. Aşağıdaki qrafik "Gallup" tərəfindən aparılan sorğuların illər üzrə nəticələrini göstərir. 11 sentyabr hadisələri ilə liberal dəyərlərə bağlı, gələcəyə dönük klassik amerikan kimliyi yerinə Amerika tarixində heç olmadığı qədər keçmişə dönük, liberal dəyərlərdən uzaq yeni bir mühafizəkar kimlik dövrü başladı. Çünki, 11 sentyabr hadisələri kosmopolit dəyərlərin amerikan kimliyi üçün təhlükəsinin sübutu idi. Amerikanın müqəddəs toxunulmazlığına və "Monro doktrinası"ndan o zamana qədərki amerikan missiyasının dayaq nöqtələrinə zərbə vurulmuşdu. Bu mənada Amerikanın daşıdığı ilahi missiyanın icraçısı kimi Buş dünyanı amerikan maraqlarına zidd "bəlalardan” qurtarmaq adına edilən hücumlara qarşılıq verilməsinin Amerikanın tarixi öhdəliyi olduğunu bildirdi. Orta Şərq və İslam coğrafiyaları Amerikanın şər ritorikasının bir parçası oldu... "Terrora qarşı mübarizə” kontekstində aparılan siyasətdə antiliberal diskurs və dini-əxlaqi dil Obama dövründə də davam etdirildi. Lakin Əfqanıstan və İraq müharibələri ölkənin seçilmişlik imicinə və Amerikan kimliyinə zərər vurarkən, Amerikan müstəsnalığının əsasını təşkil edən miflər də dünya ictimaiyyətində əks-Amerika təbliğatı ilə yenidən gözdən keçirildi. Bununla belə, Amerikan kimliyinin yaşadığı böhran 11 sentyabr hadisələrindən sonra yaranan mənfi imiclə yanaşı, digər səbəblərdən də irəli gəlirdi. Belə ki, Amerikanı müstəsna edən dəyərlərin, demokratiya və kapitalizmin dünyanın qəbul etdiyi "sivil din” formasına gəlməsi bu müstəsnalığın Amerika xalqını bu çərçivədə digərlərindən fərqləndirən və üst səviyyəyə daşıyan sərhədlərini bulanıqlaşdırırdı. Beləliklə, qloballaşma ilə birlikdə amerikalı kimliyi özünəməxsus ideoloji xüsusiyyətlərini itirərək kimlik böhranına girmiş, amerikalı olmaq Amerika coğrafiyasından kənara çıxaraq öz mənasını itirmişdir. Digər tərəfdən, 2008-ci il maliyyə böhranı siyasi arenaya Çin, Rusiya, Hindistan kimi yeni güclərin çıxmasına yol açmışdır. Başlayan post-amerikan dövrdə Amerika xarici siyasət kursunu konyukturaya uyğun olaraq tədricən terrorizmdən dövlətlərarası rəqabətə doğru çevirmişdir. Amerikanın himayədarı olduğu azad və açıq beynəlxalq münasibətlər müstəvisinə qarşı ən güclü təhlükənin Çin olduğu elan edilmişdir. Amerikan müstəsnalığı zəifləyən hegemoniya ilə birlikdə öz etibarını itirərkən və mövcud böhran amerikalı kimliyinin yenidən ucaldılmasını zəruriləşdirərkən, Amerika idealının "yenidən güclü Amerika” diskursu çərçivəsində inşasını Tramp öhdəsinə götürmüşdür.