Bakı 23° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8753
  • RUB0.0264
  • NEFT$58.99
^
XƏBƏR LENTİ

Məqalələrin impakt faktorlu jurnallarda çapı

9-10-2019, 16:03 Baxış: 13

Məqalələrin impakt faktorlu jurnallarda çapıMüasir dövrdə bir ölkənin elm ictimaiyyətinin fəaliyyətinin dünya arenasında tanıdılması nöqteyi-nəzərindən impakt faktorlu jurnallarda elmi məqalələrin dərc olunması vacibdir. İngilis dilinin qlobal dil olduğunu nəzərə alsaq, bir ölkədə aparılan elmi işlərin məhz həmin dildə nüfuzlu jurnallarda nəşr edilməsi həmin fəaliyyətin xaricdə nümayiş etdirilməsi üçün şərtdir.

Bu məqalədə əsas diqqət mərkəzindəki problem Azərbaycanın ictimai-siyasi və sosial sahələri üzrə elmi məqalələrin impakt faktorlu jurnallarda geniş yayılmamasıdır. Azərbaycanlı alimlərin bir sıra təbiət və dəqiq elmlər üzrə (xüsusilə də, kimya və fizika) məqalələri kifayət qədər beynəlxalq arenaya çıxsa da, ictimai-siyasi və sosial elmlərdə tamamilə fərqli vəziyyəti müşahidə edə bilərik. Məsələn, "Springer" nəşriyyatından verilən məlumata görə, 2013-2017-ci illərdə həmin nəşriyyatda nəşr edilən məqalələrin sayı 2796 olsa da, bunların cəmi 39-u sosial elmlərin payına düşüb. Belə bir disproporsionallığın isə bir sıra səbəbləri mövcuddur ki, onlar barədə məqalədə söz açılacaq. Daha sonra isə bu problemin mümkün həlli yolları təklif ediləcək.

Ümumi məsələlər

Azərbaycandakı sadalanan problemlər və onların həlli yolları və təkliflərə keçməmişdən öncə, ilk növbədə, qısa şəkildə impakt faktorlu jurnallar və onlarda məqalənin qəbulu ilə bağlı bir sıra fundamental məsələlərə toxunmaq məqsədəuyğun olardı.

İlk olaraq, impakt faktor məfhumuna nəzər yetirək. İmpakt faktor jurnaldakı məqalələrin elmi ictimaiyyətdəki yayılma və istinad verilmə dərəcəsini özündə əks etdirən göstəricidir. Yəni, jurnalın impakt faktorunun yüksək olması oradakı məqalələrin daha çox istinad aldığını göstərir. Məqalənin istinad alması üçün əsas amillər onun aktuallığı, toxunduğu problem və müəllifin populyarlığıdır. Bu, yüksək impakt faktorlu jurnallardakı nəşrlərin niyə yüksək nüfuza malik olduğunu göstərir.

Bəs, həmin jurnallarda məqalənin qəbul şərtləri və qəbul prosesi necədir? Əvvəla, məqalə jurnalın əhatə və prinsiplərinə uyğun tədqiqat barədə olmalıdır. Hər bir jurnalın əhatə dairəsi onun rəsmi internet səhifəsində əks etdirilir. Bununla yanaşı, orada dərc edilmiş məqalələrlə tanış olaraq, jurnalın konyukturasını müəyyənləşdirmək də mümkündür. Məqalənin qəbul şansını artırmaq üçün tədqiqatın orijinallığı da əhəmiyyət kəsb edir. Daha öncə işlənilməmiş, yaxud barəsində məhdud bilgilər olan mövzu üzrə araşdırma aparıb məqalə yazmaq həmin məqalənin qəbul şansını yüksəldir. Son olaraq isə məqalə sadə, anlaşıqlı üslubda yazılmalıdır - akademik terminlərlə zəngin, mürəkkəb quruluşa malik cümlələrdən tez-tez istifadə etmək məqalənin həm qəbul, həm də oxucular tərəfindən oxunma ehtimalını azaldır.

 

Məqaləni göndərdikdən sonra o, bir neçə gün (bəzən isə 1-2 həftə) müddətində redaktor tərəfindən qiymətləndirilir. İlkin qiymətləndirmə müsbət olarsa, məqalə ən azı 2 rəyçiyə göndərilir, anonim qaydada yoxlanılır. Müsbət cavab aldıqda, rəyçilərin və redaktorun tələb etdiyi düzəlişləri etdikdən sonra məqalə qəbul edilir.

 

Məqalə qəbul edildikdən sonra onun təsiri ("impact") 5 göstərici üzrə hesablanır (bax: Şəkil 1). Bu meyarlar aşağıdakılardır;

 

1) Mətbuat - yalnız sistemin bazasında olan mətbuat orqanlarında məqalənin işıqlandırılma sayını ölçür.

 

2) H-index - məqalənin məhsuldarlığını və təsirini digər bənzər məqalələrə nisbətdə ölçür.

 

3) İstinad sayı - məqaləyə digərləri tərəfindən edilən istinadları ölçür. Nəzərə alın ki, yalnız o istinadlar ölçülə bilir ki, onlar sistemin bazasında olan jurnallarda və materiallarda əksini tapır.

 

4) Oxucu və yüklənmə sayı - məqalənin yüklənmə sayını göstərir.

 

5) Baxış sayı - məqalənin baxış sayını göstərir.

 

 

Dünyada nüfuzlu nəşriyyat evləri kimi bunları göstərə bilərik: "Elsevier", "Springer", "Thomson Reuters", "Wiley", "Taylor & Francis", "Routledge". Ölkəmizdə heç də az yayılmamış təsəvvürdə jurnallar məqalənin çapına görə müəllifdən ödəniş tələb edirlər. Lakin həmin nəşriyyatların maliyyə mənbələri özlərinin nəzdində olan jurnallara ödənilən fərdi və institusional (korporativ) üzvlük haqlarıdır. Ödənişin tələb edildiyi yeganə hal məqaləyə ''açıq giriş'' ("open access") haqqıdır. Bunu etdikdə müəllifin məqaləsi jurnala üzvlük ödəməmiş şəxslərə də daxil olmaq imkanı verir.

 

Cədvəl 1. Redaktor və rəyçilər nə istəyir?

 

Şəkil 1. Məqalənin performans göstəriciləri "Elsevier" nəşriyyat evinə məxsus jurnalların birindən götürülmüşdür.

 

Azərbaycanda problem

 

Azərbaycanın sosial, iqtisadi və siyasi-ictimai həyatına dair impakt faktorlu jurnallarda nəşr edilən məqalələrin sayının az olması ciddi problem kimi qəbul edilə bilər. Ölkədəki sosial, iqtisadi və siyasi-ictimai sahələrdə müsbət cəhətlər, problemlər və həmin sferalarda aparılan işlərin tədqiqi əsasında məqalələrin impakt faktorlu jurnallarda nəşri azərbaycanın elmi dairələrdə daha da yaxından tanıdılması cəhətdən önəmlidir. Bununla yanaşı, impakt faktorlu jurnallarda məqalələrin nəşri Azərbaycanlı alimlər üçün də faydalıdır - bununla onlar dünyanın nüfuzlu elmi-tədqiqat institutları və universitetlərinə daxil olmaq, yaxud onlarla əlaqə yaratmaq imkanı əldə edirlər.

 

Problemlər və həlli yolları

 

Aşağıda sadalanan bir sıra mexanizmlər vasitəsilə Azərbaycanın sosial, iqtisadi və siyasi-ictimai həyatına dair impakt faktorlu jurnallarda nəşr edilən məqalələrin sayının artırılmasına nail olmaq olar.

 

Dil bacarıqları

 

İmpakt faktorlu jurnallarda məqalənin çap edilməsi üçün ingilis dilini yüksək səviyyədə bilinmək arzuolunandır. İngilis dilini yüksək səviyyədə bilməyən müəlliflər məqalələrin çapına nail ola bilsələr də, belə hallarda məqalənin tərcüməsinə müəyyən qədər əlavə xərc çəkilir. Bununla yanaşı, tərcümə edilmiş materialın keyfiyyətinin aşağı olması və orijinal məqalədən fərqlənməsi ehtimalı da mövcuddur. İngilis dilinin yüksək səviyyədə bilinməyin digər üstünlüyü isə müəllifin ixtisaslaşdığı sahədə gedən prosesləri və çap edilmiş məqalələri oxumaq və izləmək imkanının olmasıdır. Nəzərə alsaq ki, elmi məqalədə tələb edilən hissələrdən biri mövcud vəziyyətin nəzərdən keçirilməsidir, onda müəllifin ingilis dili biliklərinin yüksək səviyyədə olması zərurətə çevrilir.

 

Təbii ki, hər kəsin ingilis dilinin yüksək səviyyədə öyrənməsi mümkün olmadığından,məqalələrin tərcüməsinin təşkili lazımdır. Başqa sözlə, ya Təhsil Nazirliyi, ya Azərbaycan Milli Elmlər Akademiyası, yaxud universitetlər özləri tərcüməyə müəyyən vəsait ayıra bilərlər.

 

Təlimlərin keçirilməsi

 

Alim elmi nöqteyi-nəzərdən mötəbər iş görmüş ola bilər, ancaq onu jurnalların təyin etdiyi standartlara uyğun və tələb edilən səviyyədə ingilis dilində məqalə kimi hazırlaya bilmirsə, bu, onun impakt faktorlu jurnallara daxil olmasının qarşısını alacaq. İmpakt faktorlu jurnallarda nəşr üçün tələb edilən yazı üslubu, eləcə də məqalənin strukturu və s. elementlərin müntəzəm qaydada sosial, iqtisadi və siyasi-ictimai elmlərin tədris edildiyi elmi müəssisələrdə keçirilməsi lazımdır. Yuxarıda adı çəkilən nəşriyyatların nümayəndələri vaxtaşırı Azərbaycana gələrək, təlimlər keçiblər. Təhsil Nazirliyinin koordinasiyası ilə universitetlərdə təlimlərin həmin nəşriyyatların nümayəndələri, yaxud impakt faktorlu jurnallarda məqalələr çap etmiş azərbaycanlılar tərəfindən keçirilməsi təşkil edilməlidir. Təlimlər yalnız elmi mütəxəssislər və müəllim heyətinə yox, eyni zamanda yuxarı kurs tələbələrinə də keçirilə bilər.

 

Təəssüf ki, ölkəmizdə heç də az yayılmamış tendensiyalardan biri məqalə müəlliflərinin məqalələrini müəyyən ödəniş müqabilində saxta ("predatory") jurnallarda çap etməsidir. Həmin jurnallar heç bir impakt faktora malik olmamaqla yanaşı, hər hansı rəsmi nəşriyyat qurumuna daxil olmadıqlarından, həmin jurnallarda çap edilən materiallar mötəbər dairələr tərəfindən qəbul edilmir. Məhz buna görədir ki, saxta jurnallarda məqalə dərc edilməsi boş yerə sərf olunan vaxt və enerji kimi qələmə verə bilərik. Belə tələnin qurbanına çevrilməmək üçün maarifləndirici seminarlara ciddi ehtiyac duyulur.

 

Nüfuzlu nəşriyyatlara giriş imkanları

 

Hazırda Azərbaycandakı ali təhsil müəssisələrinin əksəriyyətində tələbə və müəllim heyətinə nüfuzlu nəşriyyatlara giriş imkanları təmin edilmir. İnkişaf etmiş ölkələrlə yanaşı, inkişaf etməkdə olan ölkələrin bir çoxunda da universitetlərdə tələbə və müəllim heyətinə nüfuzlu nəşriyyatlara giriş imkanları təmin edilir ki, bunun da üstünlüklərindən biri istifadəçilərin dünya elmindəki tendensiyaları yaxından izləməyə imkan verilməsidir. Digər bir üstünlük isə odur ki, müəllif ixtisaslaşdığı sahədə çap edilmiş məqalələri oxumaq və izləmək imkanına malik olur.

 

Nəşriyyatlara giriş institusional və fərdi qaydada olur. Fərdi qaydada olduqda, müəllif nəşriyyatın bir, yaxud bir neçə jurnalına illik abunə haqqı ödəyir. İnstitusional müstəvidə isə ödəniş ali təhsil müəssisəsi tərəfindən edilir. [1] Aşağıda bir neçə jurnal üçün institusional və fərdi illik üzvlük haqlarının məbləğləri göstərilmişdir. Göründüyü kimi, qiymətlər kəskin dərəcədə bir-birindən fərqlənir.

 

Jurnalın adı

Nəşriyyatın adı

İmpakt faktor

İnstitusional illik abunə haqqı

Fərdi abunə haqqı

International Journal of Law, Crime and Justice

Elsevier

0.846 (2018)

$789

$127

The Journal of Social Studies Research

Elsevier

0.27

$368

$76

International Journal of Law and Psychiatry

Elsevier

1.191 (2018)

 

$2446

$336

Qualitative Sociology

Springer

 

 

€80,33 

Law & Policy

Wiley

1,457

$1234

$70

 

Cədvəl 2. Bir neçə humanitar və sosial jurnal üçün institusional və fərdi illik üzvlük haqları

 

Təşviqedici mexanizmlər - maddi mükafatların verilməsi

 

İnkişaf etməkdə olan bir sıra ölkələrdə elm adamları impakt faktorlu jurnallarda nəşrə görə müəyyən maddi mükafatla təltif edilirlər. Bu sahədə bir sıra ölkələrin təcrübəsinə qısa olaraq nəzər yetirək.

 

Çində 1990-cı illərdə Nanjinq Universiteti tərəfindən ilk dəfə həyata keçirilən, daha sonra sürətlə digər ali təhsil müəssisələrinə yayılan nəşrə görə pul siyasəti ("cash for publication policy") artıq ən azı 100 universitetdə mövcuddur (bəzi müəssisələr informasiyanı gizli saxladığından, statistikada yalnız ictimaiyyətə informasiya açıqlayan müəssisələr əksini tapmışdır). Təbiət elmləri üzrə ən yüksək impakt faktora malik "Science" və "Nature" jurnallarında nəşrə görə bir müəllifə 2016-cı ildə 165,000 dollar mükafat təyin edilmişdir, hərçənd bu, istisna haldır. Bunu da qeyd edək ki, Çində professorlar üçün orta aylıq əməkhaqqı 8,600 dollar təşkil edir.

 

Digər bir nümunə kimi Qətər dövlətində yerləşən Qətər Universitetini göstərə bilərik. Bu universitetdə impakt faktoru 1.0-dan yüksək jurnallarda hər nəşrə görə müəllifə bizim pulla 1860 manat verilir. Birdən çox müəllifi olan məqalələrdə isə gəlir müxtəlif formalarda bölünür. [2]

 

Cədvəl 3. Çində müxtəlif illər üzrə ali təhsil müəssisələrində nəşrə görə müəllifə ödənilən pul mükafatının miqdarı

 

İmpakt faktorlu jurnallarda nəşrə görə maddi mükafatla təmin edilmək Qərb dünyasında birmənalı qarşılanmır. Düşünülür ki, maddi qazanc naminə tədqiqat apararaq elmi məqalə yazmaq ''kəmiyyətin keyfiyyətdən üstün tutulması'' prinsipi ucbatından elmin keyfiyyətinə, xələl gətirə bilər. [3] Digər potensial problem isə bir müəllifin digərlərinin adından məqalə yazmağa meyilliliyinin artması ola bilər.

 

Sevindirici haldır ki, Azərbaycanda da bu tendensiya son zamanlar müşahidə edilməkdədir. İqtisad Universiteti (UNEC) və Bakı Dövlət Universitetində bu praktikadan artıq istifadə edilməkdə və ya istifadəsi planlaşdırılmaqdadır. Bu praktikanın digər ali təhsil müəssisələrinə yayılmasına ehtiyac var.

[1] Bəzi jurnallarda yalnız 1 növ abunəlik təklif edilir.

[3] MIT Technology Review (2017) The Truth about China's cash for publication policy. https://www.technologyreview.com/s/608266/the-truth-about-chinas-cash-for-publication-policy/