Bakı 11° C Temperatur

76

4m/s

  • USD1.7000
  • EUR1.8868
  • RUB0.0266
  • NEFT$62.54
^
XƏBƏR LENTİ

Azərbaycanlılar üçün 1-ci, ermənilər üçün 3-cü

18-10-2019, 15:02 Baxış: 49
Azərbaycanlılar üçün 1-ci, ermənilər üçün 3-cüQarabağ məsələsi 30 ildən sonra müharibə vəziyyətində yaşayan iki xalqın nə dərəcədə baş məsələsədir? Bu suala çavab tapmaq üçün Sosial Tədqiqatlar Mərkəzi 18 yaşdan yuxarı 2002 respondentlə bu məsələ ilə bağlı ictimai rəy sorğusu keçirib.
 
Respondentlər arasında coğrafi, gender və yaş balansı qorunub.
Respondentlərin seçimi prosesində çoxpilləli klaster seçmə metodundan istifadə edilib. 167 klaster üzrə şəhər, rayon mərkəzi və kəndlərdən ümumilikdə 2002 nəfər seçilib. Sistematik təsadüfi seçmə metodu ilə hər üç evdən biri seçilib.
Hər evdəki respondent "sonuncu ad günü prinsipi” ilə seçilib.
 
Başqa sözlə, ev sakini sorğu müraciətinə cavab verərkən, ondan ailə üzvlərinin hansının ad gününün ən yaxın tarixdə olduğu soruşulub və sorğu həmin şəxslə aparılıb.
 
Statistik xəta əmsalı 2,8%-dir. Tədqiqat Bakı-Abşeron və 7 iqtisadi rayon üzrə (Gəncə-Qazax, Şəki-Zaqatala, Lənkəran, Quba-Xaçmaz, Aran, Dağlıq Şirvan, Yuxarı Qarabağ və Kəlbəcər-Laçın) 25 şəhər, 76 rayon və kənddə aparılıb.
 
Respondentlərin 65%-i Azərbaycanda onları ən çox narahat edən problemlər sırasında Qarabağın işğaldan azad edilməməsi problemini seçiblər, bu da digər problemlərlə müqayisədə ən çox fərqləndirilən və çəki əmsalına görə öndə gələn məsələdir.
 
Bu, onun sübututdur ki, torpaq bütünlüyü, ərazilərin işğalı faktı sosial-iqdisadi problemlərdən, beynalxalq inteqrasiya siyasətindən, hətta təhlükəsizlik məsələsindən öndədir. Adətən deyirdilər ki, zamanla Qarabağ məsələsi unutdurulacaq.
 
Hətta Ermənilər buna istinad edirdilər ki, nəsil dəyişmə fonunda 90-cı illərdəki yaddaş itəcək və Qarabağı görməyən nəslin sevgisi tədricən yox olub gedəcək, savaş tərəfdarlarının sayı 90-cı illərdən kəskin aşağı düşəcəkdir.
 
Yəni, Göyçə, Zəngəzur və digər torpaqlar unutudurlub, ana vətənini indi yalnız kiçik bir kəsim poetik, ədəbi prozalarda xatırlamaqdan savayı heç bir iş görmür, mübarizə instinktləri korşalıb və beləliklə, eyni ssenari Şuşa üçün də işlək olacaq. Ancaq Sosial Tədqiatlar Mərkəzinin keçirdiyi sorğu və apardığı təhlillər tam fərqli mənzərəni ortaya qoyur.
 
Qarabağı Göyçənin taleyi gözləmir və araşdırmalar göstərir ki, sosial durumundan, ictimai mövqeyindən, siyasi mənsubiyyətindən asılı olmayaraq, bütövlük bir nömrəli milli məsələdir. Xatıraladaq ki, sorğuda iştirak edən respondentlər 4 yaş qrupuna bölünüb: atəşkəs imzalandıqdan sonra anadan olan insanlar (18-25 yaş), Qarabağ münaqişəsinin ən gərgin dövründə anadan olmuş əhali (26-31 yaş), Qarabağ münaqişəsində silahlı əməliyyatlar başlamazdan öncə və atəşkəs imzalanana kimi 18 yaşı tamam olmamış əhali (32-43 yaş), Qarabağ müharibəsi zamanı yaşı 18-dən yuxarı olan əhali (44 – və daha yuxarı).
 
Qeyd olunan hər 4 yaş kateqoriyasından olan kişi və qadınlar arasında Qarabağın işğaldan azad edilməməsi problemini seçən respondenlərin faiz nisbəti aşağıdakı qrafikdə aydın görünür. Ümumillikdə götürsək, yaş kateqoriyası və cinsi mənsubiyyətindən asılı olmayaraq, əhalinin yarıdan çoxu üçün Qarabağ problemi onları ən çox narahat edən məsələdir.
 
Heç bir digər problem əhalini yuxarıdakı miqyasda düşündürmür, qayğılandırmır və məşğul etmir. Razılaşın ki, istənilən hakimiyyət üçün millətin gündəmini hansı problemin təşkil etməsi ən vacib vəzifədir.
 
Deməli, ötən on illər ərzində dövlət və vətəndaş arasında Qarabağa baxışda konsensusun hökm sürməsi bir tərəfdən mənəvi-siyasi birliyin göstəricisidir, digər tərəfdən kompromis axtarışlarında olan xarici qüvvələr üçün də bu son dərəcə vacib indikatordur.
 
Bəs 30 ildən çox Qafqazın gündəliyini və havasını daimi müharibə təhülkəsində saxlayan Ermənistanda oxşar sorğular nəyi üzə çıxarır?
 
Hər halda 1988-ci illdə "Miatsum” şüarları nəinki Razdan meydanını və Xankəndində Vilayət Sovetinin binasını bürümüşdü, eləcə də Sovetlər Birliyini xaricdən sarsıdan qüvvələr üçün dünya erməniçiliyini ayaqda saxlayan bir nömrəli ideologiya məhz o idi.
 
Son iki ildə müxtəlif beynəlxalq soğru mərkəzləri, yaxud onlarla müştərək çalışan yerli təşkilatlar erməni cəmiyyətini ən çox narahat edən problemlərin obyektiv mənzərəsini ortaya qoyurlar. "Gallup.arm"dakı nəticələr hətta yeni hakimiyyətin xalq üçün böyük gözləntilər vəd etdiyi şəraitdə belə əhalinin rəyində kəskin dəyişikliklərin baş vermədiyini üzə çıxarır. Belə ki, işsizlik və sosial-iqdisadi məsələlər Qarabağdan daha çox insanları düşündürür, narahat edir.
 
Özü də əhalinin iş yerləri ilə təminatı problemi 2-ci erməni dövləti məsələsindən düz 2 dəfə çox respondentin baş qayğısını təşkil edir. Problemlər sırasında diqqət çəkən digər məsələ 5-ci sırada qərarlaşan emiqrasiya ilə bağlıdır. Ölkədən çıxıb gedənlərin son on ildəki dinamik xarakteri ona gətirib çıxarmışdı ki, hətta Rusiya prezidenti Vladimir Putin ölkəsinə pənah gətirən ermənilərin sayının 2012-ci ildə Ermənistanda yaşayan ermənilərdən çox, yəni 2.5 milyon nəfərə çatdığını bəyan etməyə məcbur olmuşdu. Tarixi paradoks da bundadır.
 
Min illərin müstəqillik uğrunda mübarizəsindən danışıb dünyanın hər yerində geniş kapmpaniyalar aparırsan,vətənə dönüş adı altında reparasiya üçün əksər ABŞ prezidentlərini Sovetlər Birliyinə təzyiq etməyə və onların dönüş haqqını tanımağa çağırırsan, lakin elə ki, dövləti elan edirsən, sonra orada yaşamaq tamamilə maraqsız və mümkünsüz olur.
 
Kim bilir, emiqrasiyaya birbaşa təsir edən səbəblər sosial-iqdisadi vəziyyətə və işsizlik səviyyəsinə qonşularla münaqişə durumunun mənfi təsirləridir, yoxsa bütün regional layihələrdən kənarda qalan bir millətin özünü Qafqazlarda yad hiss etməsi duyğusudur. Hər halda çörək ermənilər üçün Qarabağdan ikiqat şirindir. Faktlar amansız olur, deyirlər.
 
Zaur Əfəndiyev
M.V.Lomonosov adına Moskva Dövlət Universitetində
sosial psixologiya ixtisası üzrə
bakalavr və magistr təhsili almışdır.