Bakı 19° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,8369
  • RUB0,0231
  • NEFT$31.93
^
XƏBƏR LENTİ

Deyir ki, heç vaxt sevməyib…

13-05-2016, 06:48 Baxış: 408

Oysa heç zaman ayağı yerdən üzülməyib demək. Yerlə göy arasında çəkisizliyi xatırladan xaotik musiqili uçuşlar barədə heç anlayışı da yoxdur. Bilmir ki, qosqoca yerin milyon illik cazibə qüvvəsini aşıb keçən başqa bir qüvvə də var dünyada. Ki, insanı yox yerdən lap səadətin apofeozuna yüksəldə bilər. Bilmir və ən pisi odur ki, bilmək də istəmir, yəni indən belə bir kəsi sevə biləcəyini ehtimal kimi də yaxına buraxmır qadın. "Yox ki, yox, – deyir, – heç vədə ola bilməz”. Hərçənd yaraşıqlıdı, yaşı 40-ı təzəcə keçib, ailəli də deyil. O, valideynin əmrinə müntəzir olan yüzlərlə azərbaycanlı xanımlardan biri – taleyi qırıq, bəxti qara.

***

"Qara günlərim hələ başlamamışdı”,- deyib dərindən köks ötürür. "Barı bu dəfə işıqlı bir xatirə söyləyə” ümidilə danışığına diqqət kəsilirəm. İşıq nə gəzir? Xatırladığı ilk duyğularıdı, lap ilkin ibtidai formasında. Məktəb illərində paralel sinifdə oxuyan oğlan ona məktub yazırmış. İki-üç  məktubdan sonra o da cavab yazır. Məktublaşmağa başlayırlar. Gizli saxlanc yerləri də varmış məktəbdə. Qırmızı guşədəki büstlərdən biri qırmızı qumaşlı altlıq üzərindəymiş. Məktubu o qumaşın altına qoyarmış ikisi də. Keçir bu mərhələ. Artıq evdən məktəbə, məktəbdən də evə bir gedərmişlər. Kim tez çıxsa o birini gözləyərmiş. Gənclərin bu sevdalı halı nəzərdən yayınmır təbii.Tək şagirdlər yox, elə müəllimlər də xəbər tutur vəziyyətdən.  Deyir may ayında müəllimlər qərar verirlər ki, bir neçə sinfi Altıağac tərəfə istirahətə aparsınlar. O ərəfədə oğlan deyir ki, orada – meşələrin arasında sənə bir söz deyəcəm. Ürəyi atlanır qızın, romanlardan oxuduğu əhd-peyman səhnələri canlanır gözündə. Həftəsonuna iki gün qalmış başqa sinifdə oxuyan Sevda adlı qız yaxınlaşır ona. Acıqla, israrla, hədəylə danışır. "Əl çək Vüsaldan, o məni sevir, – deyir, – əl çəkməsən yazdığın bütün məktubları aparıb atana göstərəcəm”. Sevda dəlil-sübutu da qoyur ortaya – ürək-çiçək-böcək şəkillərilə süslədiyi məktubları qızın gözünün qabağında oynadıb təkrar çantasında gizlədir. Hadisənin üstündən illər, onillər keçib. O isə xatırladıqca hələ də eyni hissi yaşayır, qızarır, bozarır, peşmanlığın altını çəkir. Məktəb uşaqları ilə rayona səfərə getmir təbii, özünə qapanır, içinə çəkilir. O vaxtdan Vüsaldan yan gəzir. Az sonra məktəb yeni eşq  hekayətinə şahidlik edir. Vüsal və Sevda hekayətinə.

***

Həyatı boyu yaşadığı yeganə duyğusal hekayətdi bu, bu da belə – yarımçıq, kəsik, naqis. Məktəbin son sinfində atasının Əmircanda yaşayan uzaq qohumuna –  zavmaq Mamedin oğluna nişanlayırlar onu. 4-5 ay nişanlı qalsa da oğlanın heç üzünü də görmür. Bir də qırmızı duvaqla evdən çıxdığı anı xatırlayır. Deyir ərə yox, gora getidiyinə inandırıbmış özünü.  Fatimə o üzüyü – tanımadığı zavmaq oğlunun nişan üzüyünü barmağına taxandan canına divan tutmağa başlayır. Hər axşam – hamı yatandan sonra buz dolabındakı buz parçlarını vedrəyə yığıb üstünə su tökürmüş. Hər gecə bir neçə saat ayaqlarını o buzlu suda saxlayırmış. Necə deyəydi ki, tanımadığı adama ərə getmək istəmir? Kimə izah edəydi ki, şəklini gördüyü o bığlı oğlanla bir yastığa baş qoymaq onun üçün ölümdən betərdi. Ailədə qayda bu idi ki, ata dedisə – qurtardı, kişinin sözü müzakirə olunmurdu. Heç kəsə heç nə söyləmir. Susur. Amma hər gecə elədiyini eləyir. Özünə, canına, cisminə cəza verir axmaq adam. Danışıb dinib haqqını söyləmək əvəzinə gücü dilsiz-ağızsız bədəninə çatır. Sonralar – ər evində də imkan tapdıqca bu mənasız tədbirini davam etdirir. Təzəbəy köhnə həyat tərzindən evinə yığışmayıbmış deyə  Fatimə axşamlar tək olur, tək olan kimi də ayaqlarını buzlu suya salıb otururmuş. Ata-anasının acığına. Zavmaq oğlu çox istəsə də təzə gəlin hamilə qalmır. Beş ay, bir il, üç il. Hansı həkimə aparırlarsa diaqnoz eyni çıxır – uşaqlıq yolundakı kəskin iltihab. İllərlə davam edir bu – ağrılar da, müalicə də, buzlu əks-müalicə prosedurları da. Ta o vaxtacan ki, zavmaq ailəsi qərar verir ki, sonsuz gəlin onlara lazım deyil və qızı da köhnə un çuvalı kimi gətirib atırlar atasının küncünə.

***

İndi tək-tənhadı qadın. Bir özüdü, bir dizi. Zavod laboratoriyasında təmizlik işlərinə nəzarət edir. Yoluna kişi xeylağı çıxanda – yəni həqiqi və məcazi mənada – yolunu bir verst aralı salır. "İti görüm, qurdu görüm, kişi görməyim”,- deyir. O, cəmiyyətimizin mənasız, mental, əldəqayırma dəyərləri üzündən bəxti gətirməyən yüzlərlə qadınlardan biridi. Lap axırıncısı da deyil. O mənada ki, illər boyu həyatından bezsə də canına qəsd etsə də, intihara qol qoymayıb. Canına vurduğu zərbə ağır olsa da ölümcül olmayıb, əslində onun etdiyi də bir növ intihar kimidi, ruhudu öldürdüyü. Yenə də heç olmasa ayaqdadı, salamatdı barı. Amma sevgisiz. Amma duyğusuz, yəni cansız.. quru nəfəsidi gedib gələn. Cismi sağ ikən canı ölü kimidi – nə gözündə parıltı var, nə yerişində şuxluq, nə üzündə təbəssüm. Hər şey – sıfırın altında. Bu qadın sevgini yaşamayıb, xoşbəxtliyi yaşamayıb, bu qadın heç yaşamayıb demək, sadəcə mövcud olub.

***

Qızını sevmədiyi kəsə zorla ərə verən ata-ana, cahil, həm də cani insanlar. Hələ də aramızdadırlar. Hələ də valideynin ağılsızlığı ucbatından qırıq talelər, sevdasız aylar, sevdasız illər yaşayır çoxu. Sevgi nədi – bilmədən. Fatimə kimi.

***

Fatiməni şəxsən tanıyıram. Başına gələn də real hadisədi. Onun valideynləri kimi olmayın. Məhv etməyin övladlarınızı. İnsanın haqqına girməyin. Olmaz.

Deyir ki, heç vaxt sevməyib…

Afaq Vasifqızı