Bakı 19° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,8369
  • RUB0,0231
  • NEFT$31.93
^
XƏBƏR LENTİ

Vyanada Azərbaycan status-kvonu dəyişdirməyə çalışdı

17-05-2016, 14:40 Baxış: 1 003

 

Vyanada Azərbaycan status-kvonu dəyişdirməyə çalışdı

  

 


Əvəz HƏSƏNOV


Azərbaycan və Ermənistan Prezidentlərinin Vyana keçirilən görüşü başa çatdı. Görüş barədə ciddi press reliz yayılmamasına baxmayaraq Rusiyanın Xarici İşlər Nazırınin mətbuat üçün açıqlamalarından bəlli oldu ki, tərəflər müəyyən istiqamətlər üzrə razılaşma əldə edə bilmişlər. Bəs, Vyana danışıqları Dağlıq Qarabağ münaqişəsinin müqəddəratına necə təsir edəcək?

 

Əvvala, bu görüşün belə tələsik və xüsusən son Aprel hadisələrindən sonra baş verməsi çox maraqlı proseslərin getdiyinə işarədir. Nəzərə almaq lazımdır ki, Ermənstan Prezidenti aprel hadisələrindən dərhal sonra elan etmişdi ki, onun ölkəsi danışıqlar prosesindən çıxır. Əksinə, Azərbaycan tərəfi bildirmişdi ki, o danışıqlar prosesini davam etdirməyə və real dnışıqların aparılmasına tam hazırdır. Belə çıxırdı ki, Azərbaycan danışıq imitasiyasının əleyhinədir. Ona görə də, ABŞ Dövlət Katibi Con Kerrinin qatıldığı danışıqlar prosesində maraqlı müzakirələrin olacağını gözləmək mümkün idi.

 

Əslində, 2 saata qədər davam edən görüşdə nələr müzakirə olunub? Mətbuata bəlli olanı odur ki, tərəflər cəbhə xəttində insidentlərin monitorinqinin aparılmasına etiraz etməyiblər. Bu o deməkdir ki, həm Azərbaycan tərəfinin, həm də Ermənistan tərəfinin bundan sonra cəbhə xəttində baş verən atışmalar və xüsusən də dinc əhaliyə qarşı yönələn insidentlər yerli hüquq mühafizə orqanları tərəfindən və yaxud beynəlxalq müşahidəçilər tərəfindən qeydə alınaraq mediatorlara və ATƏT-in Minsk qrupu həmsədrlərinə təqdim edilə bilər. Bu insidentlərin monitorinqinin effektivliyini artırmaq üçün ATƏT-in Fəaliyyətdə olan sədrinin Şəxsi nümayəndəsinin ofisinin imkanlarının genişləndirilməsi də təklif olunub.

Xüsusən 2014-cü ildə Paris sammiti zamanı Prezidentlərin görüşündə İtkin düşmüş şəxslərin axtarılması üzrə Beynlxalq Qırmızı Xaç Komitəsi ilə əməkdaşlığın davam etdirilməsi də görüşdə müzakirə olunan məsələlər arasında olmuşdur.

Rusiyanın Xarici İşlər naziri Lavrov görüşdən dərhal sonra jurnalistlər üçün müsahibəsində son aylarda tərəflər arasında gərginliyin artmasından sonra münaqişənin həllində mərhələli addımın atılmasına da ehtiyac olduğunu vurğulayıb. Azərbaycan və Ermənistan tərəfinin bundan sonrakı mərhələdə kompromisin formalaşdırılması üçün hazır olduqlarını nümayiş etdirməsi də tərəflərin münaqişənin həllinə mərhələ-mərhələ yaxınlaşmasına da bir işarə sayıla bilər.

 

Görüş zamanı vacib olan məqamlardan biri də odur ki, tərəfləri atəşkəsə əməl olunmasına dəvət olunmasına baxmayaraq bu barədə ATƏT-in Minsk Qrupu həmsədrlərinin qeyri-müəyyən press relizindən bəlli olur ki, bu istiqamətdə fikir birliyi olmayıb. Təbii ki, atəşkəsin Aprel ayı ərzində daha intensiv pozulmasından sonra bu cür görüşün keçirilməsində əsas qırmızı xətt tərəfləri atəşkəsə əməl olunmasına dəvət etmək olacağı heç kimdə şübhə doğurmurdu. Xüsusən də ABŞ Dövlət Katibinin iştirakı ilə keçirilən görüşdə bu çağırışın edilməsi münaqişəyə diqqətin artırılmasına gətirib çıxaracaq. Son Aprel hadisələri göstərdi ki, Dağlıq Qarabağ münaqişəsi heç də donmuş münaqişələr sırasına daxil edilə biləcək bir münaqişə deyil. Burada real sülhün əldə olunmasına nail olunmayacaqsa istənilən vaxt silahlı münaqişənin yenidən alovlanmayacağına heç bir qarantiya yoxdur.

 

Azərbaycan tərəfindən danışıqlar prosesi ilə bağlı rəsmi reaksiya səslənməsə də tam aydındır ki, tərəflər Vyana görüşündən maksimum bəhrələnməyə çalışıblar. Azərbaycan tərəfi status-kvonun dəyişdirilməsinə cəhd, münaqişənin həllinə ATƏT-in həmsədr ölkələrinin diqqətinin artırılması, cəbhədə hərbi əməliyyatlar zamanı dinc əhaliyə qarşı törədilən dağıntıların qeydə alınmasına maraqlı olduğunu göstərir. Ermənisan tərəfi də bir daha Rusiyanın vasitəçiliyi ilə əldə olunmuş 1994-cü il ətəşkəs razılaşmasına əməl olunmasına və güc tətbiq olunmamasına nail olmaqda maraqlıdır. Hələki, tərəflər münaqişənin həllində real kompromislərin müzakirəsinə və münaqişənin mərhələ ilə həll olunmasına hazır olmadıqlarından bu iki marağın danışıqlardan sonra necə təmin olunacağını demək çox çətindir.

Deməli, İyun ayında prezidentlərin ehtimal olunan növbəti görüşündə daha konkret müzakirələrin olacağına inanmaq olar.